abs

ABŞ-da son zamanlar müsəlmanların rəsmi vəzifələrə seçilməsi halları artır. Nyu-Yorkun ilk müsəlman meri Zöhran Mamdaninin seçilməsindən sonra sonuncu Senat seçkilərində də ABŞ tarixində ilk tarixi senator Miçiqandan seçilib. Həmçinin Nümayəndələr Palatasında da təkrar seçilənlərlə yanaşı, ilk dəfə seçilən müsəlmanlar diqqət çəkib. Xüsusilə Demokratlar Partiyasının üzv və dəstəkçiləri arasında müsəlmanların sayı artır. İsraildə də son parlament seçkilərində ərəblərin qələbəsi müzakirələrə səbəb olub.

Müşahidə olunan bu tendensiyanın səbəbi nədir? ABŞ-da xristian üstünlüyü gücünü itirir?

Globalinfo.az-a danışan politoloq Anar İsayev deyib ki, ABŞ-da müsəlmanların siyasi hakimiyyət institutlarında təmsilçiliyinin artması təsadüfi deyil:

“Bu, orada baş verən demoqrafik, siyasi və ideoloji dəyişikliklərin nəticəsidir. Burada daha böyük bir proses, yəni ABŞ-ın ənənəvi siyasi və dini identiklik modelinin transformasiyası müşahidə olunur. ABŞ uzun müddət xristian dəyərlərinin üstünlük təşkil etdiyi cəmiyyət kimi tanınıb. Xristianlıq ölkənin siyasi, ictimai və mədəni həyatında mühüm rol oynayıb. Lakin son 20-30 ildə bu mənzərə dəyişməkdədir. Miqrasiya, müsəlman əhalinin artması, yeni nəsil amerikalıların siyasi fəallığının yüksəlməsi ölkənin dini-etnik strukturunu daha rəngarəng edib. Əvvəllər müsəlman icmaları əsasən öz dini və mədəni hüquqlarının qorunmasına çalışırdılarsa, indi onların nümayəndələri birbaşa hakimiyyət uğrunda mübarizəyə qoşulurlar. Yəni müsəlmanlar artıq yalnız seçici deyil, həm də siyasi qərarların qəbulunda iştirak edən tərəfə çevrilirlər. Mamdaninin mer seçilməsi bu baxımdan xüsusi əhəmiyyət daşıyır. Çünki söhbət təkcə müsəlman namizədin qələbəsindən getmir. Bu, dünyanın ən böyük siyasi və maliyyə mərkəzlərindən birində seçicilərin dini kimlikdən daha çox sosial-iqtisadi proqramlara, mənzil qiymətlərinə, yaşayış xərclərinə və sosial ədalət məsələlərinə üstünlük verə bildiyini göstərir”.

Anar Isayev

Anar İsayev

Politoloq bildirib ki, Demokratlar Partiyasında müsəlmanların siyasi çəkisinin artmasının mühüm səbəblərindən biri partiyanın siyasi platformasıdır:

“Demokratlar dini və etnik müxtəliflik, miqrant hüquqları, sosial bərabərlik və azlıqların siyasi təmsilçiliyi məsələlərinə daha açıq yanaşırlar. Bu isə müsəlman icmalarının həmin partiyaya marağını artırır. Digər tərəfdən, demokratlar üçün müsəlman elektoratı getdikcə daha əhəmiyyətli siyasi qüvvəyə çevrilir. Əsas diqqətçəkən məqam odur ki, müsəlman seçicilərin siyasi davranışına yalnız dini amil təsir göstərmir. Qəzzadakı müharibə, ABŞ-ın İsrail siyasəti, sosial bərabərsizlik, yaşayış xərcləri, səhiyyə və təhsil məsələləri də onların seçiminə təsir edir. Xüsusilə gənc müsəlman amerikalılar özlərini ölkənin siyasi gələcəyinə təsir etmək istəyən vətəndaşlar kimi görürlər”.

A.İsayev qeyd edib ki, ABŞ-da xristianlar hələ də əhalinin böyük əksəriyyətini təşkil edən dini qrup olaraq qalırlar:

“Lakin əvvəlki dövrlərlə müqayisədə dinin siyasi qərarlara və seçici davranışına təsiri dəyişir. Respublikaçılar Partiyası daxilində xristian-mühafizəkar elektoratın siyasi təsiri kifayət qədər güclüdür. Bu baxımdan ABŞ-da xristianlığın siyasi mövqelərini tamamilə itirdiyini söyləmək doğru olmaz. Qarşıdakı illərdə müsəlmanların və digər dini-etnik azlıqların siyasi təmsilçiliyi daha da arta bilər. Bunun üç əsas səbəbi var. İlk növbədə, demoqrafik dəyişikliklər və gənclərin siyasi proseslərdə daha fəal iştirak etməsi bu prosesə təsir göstərir. Digər səbəb isə seçicilərin dini mənsubiyyətdən çox iqtisadi vəziyyət, sosial təminat, mənzil, səhiyyə və təhsil kimi gündəlik problemlərə önəm verməsidir. Bundan əlavə, siyasi partiyalar da dəyişən seçici kütləsinin maraq və tələblərini nəzərə almağa, mövqelərini buna uyğun formalaşdırmağa məcbur olurlar”.

Ləman İmran
Globalinfo.az

Paylaş: