ABŞ seçkilərində Demokratların böyük qələbə qazanması və Konqresdə üstünlüyü ələ almasından sonra İrana qarşı müharibə ehtimalının zəiflədiyi iddia olunur. Ekspertlərin fikrincə, Amerika xalqının Demokratları dəstəkləməsi Prezident Donald Trampın və Respublikaçıların İran siyasətinə qarşı kəskin reaksiyanın göstəricisidir.
Beləliklə, Demokratların İrana hücumla bağlı hərbi təşəbbüsləri bloklayacağı ehtimal edilir.
Bəs Trampın İrana hücum planı uğursuzluğa düçar olub? ABŞ artıq Tehrana qarşı hərbi əməliyyat keçirməyəcək, yoxsa əksinə, daha genişmiqyaslı müharibə baş verə bilər?
Globalinfo.az-a danışan “Atlas” Araşdırmalar Mərkəzinin rəhbəri, politoloq Elxan Şahinoğlu bildirib ki, Demokratların Konqresdə qələbə qazanaraq həm Senatda, həm də Nümayəndələr Palatasında üstünlük əldə etməsi Trampın qərarlarına təsir göstərə bilər:
“Trampın təkbaşına qərar verərək İrana qarşı müharibə aparması çətinləşəcək. Bu, o demək deyil ki, zərbələr olmayacaq. Hazırda da ABŞ İrana zərbələr endirir. Bir neçə gün əvvəl İranın bəzi adaları hədəfə alınıb. Lakin böyükmiqyaslı zərbələrin endiriləcəyini düşünmürəm.

Elxan Şahinoğlu
Həm də ona görə ki, iki müharibədə Tramp istədiyi nəticəni əldə edə bilmədi. O, İranın nüvə silahı əldə etməsinin qarşısını aldıqlarını bildirmişdi, amma bu, şübhəlidir. Bundan başqa, İranda rejim də çökmədi. Ona görə də kim zəmanət verə bilər ki, üçüncü müharibədən sonra istənilən nəticə əldə olunacaq?
Əgər bu mümkün olsaydı, enerji qiymətləri normallaşar, Trampın reytinqi də artardı.
Buna görə də Trampın müharibə aparmağı düşündüyünü hesab etmirəm. Bu, gələcək seçkilərə də təsir edə bilər. Hətta vitse-prezident Ceyms Devid Vens və ya dövlət katibi Marko Rubionun prezidentliyə namizədlik iddiaları olarsa, onların mövqeləri də zəifləyə bilər”.
Turan Rzayev
Globalinfo.az