Globalinfo.az ABŞ-da keçirilən aralıq seçkiləri ilə bağlı amerikalı politoloq Piter Teyslə müsahibəni təqdim edir:
– Cənab Teys, ABŞ Konqresinə aralıq seçkilərində demokratlar qalib gəldi. Bu, Prezident Donald Trampın administrasiyası üçün hansı nəticələrə yol aça bilər? İmpiçment ehtimalı nə qədərdir?
– ABŞ Konqresinin hər iki palatasında demokratların qələbə qazanmasına səbəb İranla müharibə, qaz qiymətlərinin artması, dövlət qurumlarında korrupsiya, Latın Amerikalı seçicilərin narazılığı və işsizlik kimi məsələlərdir. İndi ABŞ Konqresindəki demokrat çoxluq Tramp-Vens administrasiyasını zəiflətmək prosesini başladacaq və ABŞ prezidentinə qarşı siyasi impiçment prosedurunu təşviq edəcək. Ukraynadakı müharibə də mühüm amillərdən biridir. Belə ki, Moskvanın Ukraynadakı mülki hədəflərə və infrastruktura qarşı genişmiqyaslı hücumları fonunda Vaşinqton Rusiyadan dizel yanacağının alınmasına “yaşıl işıq” yandırıb.
– Hazırkı vəziyyətdə Azərbaycana qarşı 907-ci düzəlişlə bağlı nə gözlənilir?
– Demokratların Konqresə liderlik etməyə hazırlaşdığı bir vaxtda, 907-ci düzəliş ABŞ-da fəaliyyət göstərən erməni ictimai təzyiq qruplarının əlində bir təzyiq vasitəsi kimi yenidən gündəmə gələ bilər. Təəssüf ki, xaricdə, əsasən də ABŞ və Avropada yaşayan erməni icmasının bəzi kəsimləri İrəvanın Azərbaycanla davamlı sülhə nail olmasına kömək etməkdə maraqlı deyillər.
Həm hazırkı, həm də bu yaxınlarda seçilmiş ondan çox demokrat konqresmen Vaşinqtonda fəaliyyət göstərən erməni ekstremist qrupları ilə əlaqəli “çirkli oyunları” və geniş maliyyə imkanları ilə tanınırlar.
– İranla müharibənin başlayacağı gözləntisi olsa da, sülh sazişi yenidən gündəmə gəlib. Bununla bağlı fikrinizi öyrənmək istərdim.
– Prezident Tramp Tehranla uzunmüddətli razılaşma əldə etməkdə qərarlıdır, lakin müharibənin çox tezliklə başlama ehtimalı da mövcuddur. Vaşinqton və Tehran arasında davamlı sülh əldə edilməyib, İtaliya isə İran hökuməti ilə gizli danışıqlar aparır və bu ölkədən (məxfi tapşırıqla) hərbi təyyarənin gəlişinin əsas məqsədi müharibənin qarşısını almaqdır. ABŞ hakimiyyətində demokratların qələbə qazanması belə, Prezident Trampın İrana qarşı əvvəlkindən daha sərt zərbələr endirməsinə mane olmayacaq.
– Tramp İsrailə hər il ayrılan təxminən 4 milyard dollarlıq hərbi yardımın dayandıracağını deyib. Bu qərar nə ilə bağlıdır?
– ABŞ İsrailə hərbi yardımı heç vaxt dayandırmayacaq. ABŞ prezidentinin son bəyanatları yalnız ABŞ-dakı aralıq seçkilərlə bağlı təşviqat məqsədi daşıyır. Vaşinqtonun İrana qarşı siyasəti həmişə İsrailin mövqeyi ilə üst-üstə düşüb və qarşıdakı aylarda hərbi əməkdaşlıq daha da artacaq. Həmçinin, qarşıdakı həftələrdə Trampın kabinetində ciddi dəyişikliklərin şahidi olacağıq.
Piter Teys
– Söhbət hansı dəyişikliklərdən gedir?
– Ağ Evin hazırkı aparat rəhbəri Suzi Vaylsın tutduğu vəzifədən uzaqlaşdırılması ehtimalı var. 2025-ci ilin yanvar ayından etibarən Müdafiə Departamentində 20-dən çox yüksək rütbəli zabit vəzifəsindən azad edilib. Bu, İkinci Dünya müharibəsindən bəri ABŞ hərb tarixində rəhbərlikdə aparılan ən geniş islahatlardan biridir və bu proses davam edəcək.
– Amerikanın Qrenlandiya adasında hərbi mövcudluğunun genişləndirilməsinə dair saziş təsdiqlənib. Avropanın ABŞ-a “hədiyyə”sinin arxasında nə dayanır?
– Qrenlandiya müstəqillik əldə etməyə can atır və Qərb yarımkürəsində daha güclü geosiyasi mövcudluq Tramp administrasiyası ilə daha sıx tərəfdaşlığı zəruri edir. Bu, Avropa İttifaqı tərəfindən Ağ Evə edilmiş bir hədiyyə deyil. Qrenlandiya ilə əldə olunan razılaşma, Prezident Trampın son iki il ərzində həyata keçirdiyi cəsarətli, şəffaf və kommersiya xarakterli xarici siyasətin nəticəsidir.
Gülnar Səlimova
Globalinfo.az
İstanbul