%D0%91%D0%B5%D0%B7 %D0%BD%D0%B0%D0%B7%D0%B2%D0%B0%D0%BD%D0%B8%D1%8F 1

ABŞ-da keçirilən aralıq seçkilərində səslər hesablandıqdan sonra Demokratlar Nümayəndələr Palatasında 162, respublikaçılar isə 102 mandat qazanıb. Senatda demokratlar 51, respublikaçılar isə 39 mandata sahibdirlər. Beləliklə Demokratlar Partiyası həm Senatda, həm də Nümayəndələr Palatasında çoxluq əldə edib.

ABŞ Prezidenti Donald Tramp “The New York Times” qəzetinə müsahibəsində Konqresə aralıq seçkilərinin nəticələrini qəbul etdiyini və demokratlarla əməkdaşlığa hazır olduğunu bildirib.

“Bu nəticələri tamamilə qəbul etməyə hazıram. Demokratlarla əməkdaşlıq edəcəyik və onlarla işləməyi səbirsizliklə gözləyəcəyik. Yəqin ki, ortaq bir məxrəcə gələrik”, – Tramp bildirib.

Maraqlıdır ki, 27 oktyabrda İsraildə keçirilən parlament seçkilərinin nəticələrinə görə baş nazir Benyamin Netanyahu bloku 53, Qadi Eyzenkot bloku 48, ərəb partiyaları isə 19 mandat əldə edib. Yəni hər iki lider müxalifətlə birgə hərkət etməli olacaq.

Bundan başqa, Macarıstanda keçmiş baş nazir Viktor Orbanın uzunmüddətli hakimiyyətinin sona çatması, Braziliyada keçirilən prezident seçkilərində Lula da Silvanın Flavio Bolsonaroya qalib gəlməsi, Serbiyada isə tələbə hərəkatının siyasi qüvvəyə çevrilərək Prezident Aleksandr Vuçiçin hakim partiyasını parlament seçkilərində məğlub etməsi Tramp və Netenyahunun beynəlxalq siyasi müttəfiqlərini də itirdiyini göstərir.

Hər iki ölkədə seçkilərin nəticələrinə baxdıqda ilk baxışdan Donald Tramp və Benyamin Netanyahunun mövqelərini itirdiyi təsəvvürü yaranır. Lakin mən məsələyə yalnız bu prizmadan baxmağın tərəfdarı deyiləm. Hesab edirəm, hazırkı proseslərin arxasında daha mürəkkəb siyasi hesablamalar dayanır.

Tramp-Netanyahu cəbhəsində yeni plan

Ümumiyyətlə, nəzərə almaq lazımdır ki, son günlər ABŞ-ın İrana qarşı nüvə silahından istifadə edəcəyinə dair ciddi iddialar var. Düzdür, mən Vaşintonun birbaşa nüvə silahından itifadə edəcəyini düşünmürəm, lakin hazırkı mərhələdə ABŞ İrana adi silahlarla genişmiqyaslı hərbi əməliyyatlara başlaya bilər. Onsuz da Trampın əsas məqsədi İranı müharibə yolu ilə tamamilə məhv etməkdən daha çox, onu danışıqlar masasında Vaşinqtonun şərtlərini qəbul etməyə məcbur buraxmaqdır.

Məhz bu kontekstdə Trampın demokratlarla əməkdaşlığa hazır olduğunu açıqlaması və Netanyahunun parlamentdə yeni siyasi reallıqla üzləşməsi, məncə, diqqət çəkir. İki liderin nüfuz itirməsi danılmaz faktdır, lakin bu iki şəxs həm də krizi fürsətə çevirməyə çalışır.

İranla müharibə ABŞ və İsrail üçün sadəcə hərbi əməliyyat deyil. Bu, həm də uzunmüddətli siyasi, iqtisadi və diplomatik nəticələri olan qərardır. Belə bir müharibənin nəticələri yalnız Vaşinqton və Təl-Əvivdə deyil, bütövlükdə Qərb dünyasında siyasi böhran yarada bilər. Xüsusilə müharibənin uzanması, enerji bazarlarında ciddi sarsıntıların meydana gəlməsi, Hörmüz boğazı ətrafında təhlükəsizlik problemlərinin dərinləşməsi və regionda yeni hərbi cəbhələrin açılması ABŞ administrasiyasına qarşı təzyiqləri artıracaq.

Bu mənada, Trampın müharibənin bütün siyasi və iqtisadi məsuliyyətini şəxsən üzərinə götürmək istəməməsi başadüşüləndir. Demokratların Konqresdə güclənməsi fonunda onları da İranla bağlı qərarların müzakirəsinə və mümkün siyasi proseslərə cəlb etmək gələcəkdə mühüm əhəmiyyət daşıya bilər. Əgər hərbi əməliyyatların genişləndirilməsi və ya yeni strateji qərarların qəbul edilməsi məsələsində demokratlarla müəyyən razılaşma əldə olunarsa, sonradan yaranacaq siyasi böhranın məsuliyyətini yalnız Tramp administrasiyasının üzərinə qoymaq çətinləşər.

İsrail də də vəziyyətin fərqli olduğunu düşünmürəm. Hətta Netanyahu üçün İranla mümkün müharibənin nəticələri daha həssas məsələdir. Çünki İsrail cəmiyyətində təhlükəsizlik məsələləri hökumətin legitimliyini müəyyənləşdirən əsas amillərdəndir. İranla qarşıdurmanın uğursuzluqla nəticələnməsi, İsrailin təhlükəsizlik sisteminin zəifliklərinin üzə çıxması və müharibənin gözləniləndən daha ağır nəticələr doğurması Netanyahunun siyasi karyerasına ciddi zərbə vura bilər.

Belə vəziyyətdə parlamentdəki siyasi qüvvələrin müəyyən qərarlara ortaq edilməsi Netanyahu üçün də əlavə siyasi sığorta mexanizmi rolunu oynaya bilər. Əgər İranla bağlı strateji qərarlar daha geniş siyasi razılaşma çərçivəsində qəbul edilərsə, müharibənin nəticələrinə görə məsuliyyətin yalnız baş nazirin üzərinə qoyulması çətinləşəcək.

Məncə, hazırda diqqət yetirilməli əsas məsələ Trampın və Netanyahunun siyasi güclərini itirib-itirməməsi deyil. Əsas məsələ onların yaranmış siyasi vəziyyəti necə idarə edəcəkləri və İranla mümkün böyük qarşıdurmanın siyasi yükünü kiminlə bölüşdürəcəkləridir. Çünki müharibəyə başlamaq bir qərardır, onun nəticələrinə görə məsuliyyət daşımaq isə tamamilə başqa məsələdir. Görünən odur ki, Vaşinqton və Təl-Əvivdə ikinci məsələnin hesablamaları aparılır.

turan rzayev 1 900x720 1
Turan Rzayev
Globalinfo.az-ın siyasət yazarı

Paylaş: