x gettyimages 2301813295

ABŞ-da noyabrın 3-də keçirilən aralıq seçkiləri Prezident Donald Tramp administrasiyası üçün ciddi siyasi sınaq hesab olunur. Seçkilərin nəticələri təkcə Konqresdə Respublikaçılar və Demokratlar arasındakı qüvvələr nisbətini deyil, Trampın prezidentliyinin növbəti iki ilində nə dərəcədə sərbəst hərəkət edə biləcəyini də müəyyənləşdirəcək. İlkin proqnozlar Demokratların Nümayəndələr Palatasında üstünlük əldə edə biləcəyini, Senatda isə mübarizənin daha gərgin keçəcəyini göstərir.

Trampın İranla müharibə siyasəti, artan enerji qiymətləri, iqtisadi çətinliklər və daxili siyasi narazılıqlar Respublikaçılar üçün əsas risklər sırasındadır.

Belə olan halda, seçkilərin nəticələri Ağ Evin xarici siyasət kursuna, xüsusilə İranla qarşıdurmanın gələcəyinə və Rusiya-Ukrayna müharibəsində Vaşinqtonun mövqeyinə necə təsir göstərə bilər? Demokratların Konqresdə üstünlük qazanması Trampın qərar verməsini məhdudlaşdıracaq, yoxsa prezident xarici siyasətdə əvvəlki kimi sərbəst hərəkət edə biləcək?

Globalinfo.az-a danışan siyasi şərhçi Ülviyyə Zülfiqar deyib ki, Konqresə aralıq seçkilər, əslində Donald Trampın prezidentliyinin qalan iki ilinin hansı siyasi şəraitdə keçəcəyini müəyyənləşdirəcək:

“Burada söhbət təkcə Respublikaçılarla Demokratlar arasında mandat bölgüsündən getmir. Seçicilər faktiki olaraq Tramp administrasiyasının son iki ildə həyata keçirdiyi siyasətə münasibətlərini ortaya qoyur. Burada bir məqamı xüsusi nəzərə almaq lazımdır: Əgər Konqresdə çoxluq itirilərsə, Trampın siyasi təşəbbüslərini həyata keçirməsi çətinləşə, administrasiyası üzərində parlament nəzarəti güclənə bilər.

İran məsələsinə gəldikdə isə, seçkilərin nəticələri rəsmi Vaşinqtonun bundan sonrakı hərbi strategiyasına təsirsiz ötüşməyəcək. Demokratlar Konqresin bir və ya hər iki palatasında çoxluq qazansalar, İranla müharibənin davam etdirilməsi, hərbi əməliyyatların maliyyələşdirilməsi və prezidentin müharibə aparmaq səlahiyyətləri daha ciddi müzakirə mövzusuna çevrilə bilər. Xüsusilə yeni genişmiqyaslı əməliyyatlar üçün ayrılacaq vəsait üzərində mübarizənin güclənməsi mümkündür. Bununla belə, demokratların qələbəsinin avtomatik olaraq İranla qarşıdurmanın başa çatmasına gətirib çıxaracağını düşünmək də düzgün olmazdı. Çünki ABŞ prezidentinin xarici siyasət və hərbi qərarların qəbulunda kifayət qədər geniş səlahiyyətləri qalır. Digər tərəfdən, daxili siyasətdə manevr imkanları məhdudlaşan Trampın xarici siyasətdə daha fəal mövqe nümayiş etdirməsi ehtimalını da istisna etmək olmaz. Yəni seçkilərdən sonra həm diplomatik təzyiqlərin artması, həm də hərbi gərginliyin davam etməsi mümkün ssenarilərdir”.

Ulviyy%C9%99 Zulfiqar 900x506 1
Ülviyyə Zülfiqar

Siyasi şərhçi bildirib ki, Ukrayna müharibəsi ilə bağlı isə vəziyyət bir qədər fərqlidir:

“Demokratlar ənənəvi olaraq Ukraynaya hərbi və maliyyə yardımının davam etdirilməsini daha fəal müdafiə edirlər. Onların Konqresdə mövqelərinin güclənməsi əlavə yardım paketlərinin gündəmə gətirilməsinə, Rusiyaya qarşı sanksiyaların sərtləşdirilməsi təşəbbüslərinə, Tramp administrasiyasının rəsmi Moskva ilə münasibətlərinin daha ciddi nəzarətə götürülməsinə şərait yarada bilər. Lakin burada da Konqresin qərarları ilə Ağ Evin siyasəti arasında ziddiyyətlərin yaranması mümkündür. Tramp müharibənin diplomatik yollarla dayandırılmasına üstünlük verdiyini bildirsə də, demokratlar mümkün razılaşmanın Ukraynanın təhlükəsizlik maraqları hesabına əldə edilməməsini tələb edə bilərlər. Belə bir vəziyyət rəsmi Vaşinqtonun danışıqlar prosesində vahid mövqe nümayiş etdirməsini çətinləşdirə bilər.

Hesab edirəm ki, bu seçkilərin əsas əhəmiyyəti Trampın hakimiyyətdən gedib-getməyəcəyində deyil, onun qarşıdakı iki ildə nə dərəcədə sərbəst hərəkət edə biləcəyindədir. Respublikaçılar Konqresdə nəzarəti qoruyub saxlasalar, administrasiya həm daxili, həm də xarici siyasətdə mövcud kursunu davam etdirmək üçün daha əlverişli şəraitə malik olacaq. Demokratların mövqelərinin güclənməsi isə Ağ Evlə Konqres arasında qarşıdurmanı artıracaq. Bununla belə, ABŞ-ın İran və Ukrayna siyasətində köklü dəyişikliklərin yalnız seçki nəticələrindən asılı olacağını söyləmək olmaz. Burada hərbi vəziyyət, iqtisadi imkanlar, müttəfiqlərin mövqeyi və Trampın özünün siyasi qərarları da mühüm rol oynayacaq. Ona görə də seçkiləri təkcə ABŞ-ın daxili siyasi mübarizəsi kimi deyil, Vaşinqtonun beynəlxalq böhranlara bundan sonra hansı imkanlarla müdaxilə edəcəyini müəyyənləşdirən mühüm siyasi mərhələ kimi qiymətləndirmək olar”.

Turan Rzayev
Globalinfo.az

Paylaş: