ABŞ-da noyabrın 3-də keçiriləcək Konqresə aralıq seçkilər öncəsi erkən səsvermədə iştirak edənlərin sayı 50 milyonu ötüb. Bu, ölkə tarixində aralıq seçkilər üçün indiyədək qeydə alınan ən yüksək göstəricidir.
Globalinfo.az xəbər verir ki, bu barədə Florida Universitetinin Seçki Laboratoriyasının son məlumatlarında bildirilib.
Məlumata görə, ABŞ-ın şərq sahilində yerli vaxtla saat 08:56-ya olan vəziyyətə əsasən, erkən səsvermədə 50,34 milyon seçici iştirak edib. Beləliklə, 2022-ci ildə qeydə alınan əvvəlki rekord (45,9 milyon nəfər) təxminən 4,4 milyon nəfər üstələnib. Əsas səsverməyə isə hələ üç gün qalıb.
Seçicilərin partiya mənsubiyyəti ilə bağlı məlumatların açıqlandığı 27 ştatda erkən səs verənlərin 43,4 faizi Demokratlar, 31,6 faizi isə Respublikaçılar Partiyasının qeydiyyatında olan tərəfdarlarıdır. Seçicilərin 25 faizi isə bu iki əsas partiyadan heç birinin üzvü deyil. Beləliklə, partiya qeydiyyatına görə demokratlar 11,8 faiz bəndi irəlidədir. Bu statistikaya ümumilikdə 24,67 milyon seçici daxildir.
Bununla belə, həmin rəqəmlər demokratların səslərin 43,4 faizini artıq qazandığı anlamına gəlmir. Söhbət yalnız erkən səsvermədə iştirak edənlərin partiya mənsubiyyətindən gedir. Bundan başqa, bütün ştatlarda seçicilərin partiya qeydiyyatı barədə məlumat açıqlanmır. Respublikaçıların tərəfdarları isə ənənəvi olaraq daha çox birbaşa seçki günü səs verirlər.
Rekord erkən səsvermə ABŞ Prezidenti Donald Tramp administrasiyasının poçt vasitəsilə səsverməyə məhdudiyyətlərin tətbiqi istiqamətindəki addımları fonunda baş verir.
“The Insider” nəşrinin yazdığına görə, Tramp mart ayında seçicilərin əlavə yoxlanılmasını və bülletenlərin poçtla göndərilməsi qaydalarına yeni tələblərin tətbiqini nəzərdə tutan sərəncam imzalayıb. Sənəd hüquq müdafiəçilərinin etirazına səbəb olub və məhkəmə mübahisələrinin predmetinə çevrilib.
Əliyar Xəlil