1030062 src

İran qarşıya qoyduğu şərtlər yerinə yetiriləcəyi təqdirdə Hörmüz boğazını 48 saat ərzində açmağa hazırdır.

Globalinfo.az xəbər verir ki, bu barədə İranın xarici işlər naziri Abbas Əraqçi Qətərin “Əl-Cəzirə” telekanalına müsahibəsində bildirib.

Onun sözlərinə görə, Tehranın əsas tələbləri ABŞ-ın tətbiq etdiyi sanksiyaların ləğvi, regiondakı Amerika hərbi qüvvələrinin azaldılması və dondurulan İran aktivlərinin blokdan çıxarılmasıdır. Bununla yanaşı, İran hələlik Vaşinqtonla birbaşa danışıqlar aparmağa ehtiyac görmür.

Əraqçi qeyd edib ki, Qətər tərəfi İranın təşəbbüsünün həyata keçirilməsi üçün nəzərdə tutulan müddətin beş günə endirilməsini təklif edib. Lakin hazırda müddətin iki günə qədər azaldılması ilə bağlı təklif üzərində razılıq əldə olunub.

“Şərtlərimizə İslamabad memorandumundan sonra tətbiq edilən sanksiyaların ləğvi və ABŞ-ın regiondakı hərbi qüvvələrinin azaldılması daxildir. Neft tədarükü ilə bağlı sanksiya istisnalarının bərpa olunmasını və Qətərdə saxlanılanlar da daxil olmaqla, dondurulan bütün vəsaitlərimizin blokdan çıxarılmasını tələb edirik. Hörmüz boğazının şərtlərimizə uyğun açılması Vaşinqtonla həllini gözləyən məsələlər üzrə danışıqların bərpasına zəmin yaradacaq”, – deyə İranın XİN rəhbəri vurğulayıb.

Nazir əlavə edib ki, vasitəçilər nüvə məsələsi ilə bağlı bir sıra təkliflər təqdim ediblər və İran tərəfi hazırda onları prosesin ikinci mərhələsi çərçivəsində nəzərdən keçirir.

Əraqçinin sözlərinə görə, onun müavini məsləhətləşmələri davam etdirmək üçün hazırda Qətərdədir. Qətər və Pakistan vasitəçiləri də İranın irəli sürdüyü şərtlərlə bağlı danışıqları davam etdirirlər.

“Hazırda amerikalılarla görüşməyə ehtiyac görmürük. Şərtlərimiz aydındır və vasitəçilər bu məsələlər üzrə məsləhətləşmələri davam etdirirlər”, – deyə nazir yekunlaşdırıb.

Əliyar Xəlil

Globalinfo.az

Paylaş: