Son günlər ölkə gündəmini zəbt edən məsələlərdən biri deputat Arzuxan Əlizadənin oğlu Əhməd Əlizadənin adı hallanan cinayət hadisəsidir. Olaydan sonra deputatın mandatının alınması, hakim işləyən digər oğlunun vəzifəsindən azad edilməsi ilə bağlı fikirlər səsləndirilir.
Açığı, bu yanaşmanı anlamaqda çətinlik çəkirəm. Əvvəla, cinayət hələ sübuta yetirilməyib, amma tutaq ki, bir insanın törətdiyi əmələ görə onun ailə üzvləri, doğmaları niyə cavab verməlidir?! Niyə kiminsə səhvinə görə atası vəzifəsindən getsin, qardaşı işini itirsin, ailəsinin digər üzvləri cəzalandırılsın?!
İnsan yetkinlik yaşına çatıbsa, öz hərəkətlərinə görə məsuliyyət daşıyır. Qanun qarşısında hər kəs bərabərdir və hamı törətdiyi əmələ görə cavab özü cavab verməlidir.
Bəzən insanların hadisəyə yanaşmasında qəribə bir aqressiya görürəm. Sanki ortada bir deputatın, vəzifəli şəxsin övladı varsa, bu, bütün ailənin cəzalandırılması üçün əsasdır. Lakin əsas məsələ həmin şəxsin özünün hüquqi qiymət alması və qanun qarşısında cavab verməsidir.
Əgər bir insanın törətdiyi əmələ görə ailəsinin bütün üzvlərini işsiz, vəzifəsiz qoymağı tələb ediriksə, onda ədalət prinsipini necə qoruyuruq? Hansı ədalətdən danışırıq? Bu gün başqasının ailəsinə qarşı irəli sürülən tələb sabah hər hansı birimizin ailəsinə yönələ bilər. Həyat bumeranqdır…
Əlbəttə, heç kim qanundan üstün deyil! Əksinə, vəzifəli şəxslərin övladları da daxil olmaqla, hər kəs törətdiyi əməlin nəticəsinə görə məsuliyyət daşımalıdır. Amma fərdi məsuliyyətlə ailə məsuliyyətini bir-birinə qarışdırmaq olmaz. Bir insanın günahı bütün ailənin günahı deyil. Ədalət kiminsə atasını, qardaşını və ya övladını cəzalandırmaqla deyil, təqsiri olan şəxsin qanun qarşısında cavab verməsi ilə təmin olunur.
Zaira Akifqızı
Globalinfo.az