“İsraildə keçiriləcək parlament seçkiləri bütün dünyanın diqqət mərkəzindədir”.
Bu sözləri Globalinfo.az-a siyasi şərhçi Cavanşir Abbaslı deyib.
Siyasi şərhçi bildirib ki, bu seçkilər baş nazir Benyamin Netanyahu üçün siyasi baxımdan ciddi sınaq olacaq:
“Seçkilər öncəsi keçirilən rəy sorğuları onun rəhbərlik etdiyi siyasi düşərgənin parlamentdə mövqelərini qorumaq və hökuməti formalaşdırmaq baxımından çətinliklərlə üzləşə biləcəyini göstərir. Hətta Netanyahu seçkilərdə uğurlu nəticə əldə etsə belə, hökuməti təkbaşına formalaşdırmaq üçün kifayət qədər mandat qazanması məsələsi sual altındadır.
İstənilən halda yekun nəticələri gözləmək lazımdır. Seçki prosesi elə bir siyasi mexanizmdir ki, son ana qədər gözlənilməz nəticələr və sürprizlər ortaya çıxa bilər. İsraildəki siyasi vəziyyət də bu baxımdan istisna deyil. Bununla belə, seçkilərin nəticəsindən asılı olmayaraq, parlamentdə qüvvələr nisbətinin necə formalaşacağı və hökumətin hansı siyasi tərəfdaşlarla qurulacağı əsas məsələlərdən biri olacaq.

Cavanşir Abbaslı
Netanyahuya qarşı olan siyasi qüvvələrin mövqeləri və koalisiya danışıqlarının nəticəsi ölkənin gələcək siyasi kursuna birbaşa təsir göstərəcək. Buna görə də yekun mənzərəni yalnız seçki nəticələri elan olunduqdan və siyasi qüvvələrin real imkanları bəlli olduqdan sonra müəyyənləşdirmək mümkün olacaq. Mənim qənaətim budur ki, Netanyahu üstünlük qazansa belə, bu, “Pirr qələbəsi”ndən başqa bir şey olmayacaq”.
Turan Rzayev
Globalinfo.az