1787830107 aydin111

“Azərbaycanda onsuz da ətraf mühitin monitorinqi vaxtaşırı dövlət tərəfindən, ayrı-ayrı xidmətlər tərəfindən həyata keçirilir. Ən böyük monitorinq vətəndaş təşəbbüsləridir. Zaman-zaman biz sosial şəbəkədə, mətbuatda ayrı-ayrı vətəndaşların bu və ya digər yaşıllıqların qorunması, suyun təmizliyi ilə bağlı qaldırdıqları məsələləri görürük. Ən əsası isə dövlətimiz onlara tez reaksiya verir. Yəni vətəndaşların bu məsələdə qaldırdıqları məsələ, əslində dövlətə kömək edir ki, hardasa bir boşluğu görsün”. 

Globalinfo.az xəbər verir ki, bunu Milli Məclisin plenar iclasında deputat Aydın Mirzəzadə deyib.

Deputat bildirib ki, ən böyük monitorinq Vətən müharibəsindən, 44 günlük müharibədən sonra işğaldan azad olunmuş ərazilərdə ətraf mühitin dövlətimiz tərəfindən monitorinqi oldu:

“Əvvəldən də məlum idi ki, Ermənistan işğal etdiyi əraziləri varvarcasına dağıdır, meşələri qırır, suları çirkləndirir, hətta 30 il işğal dövründə vaxtaşırı işğal edilmiş ərazilərdən gələn su mənbələrində ağır metallar, çirkab tapılırdı və Ermənistan məqsədli surətdə Azərbaycana qarşı ekoloji terror həyata keçirirdi. Amma torpaqlar işğaldan azad edildikdən sonra onların doğrudan da bərbad olduğu göründü. Meşələr qırılıb, sular zəhərlənib, heyvanat aləmi qırılmışdı. Bərpa işləri gedir, ciddi sürətdə gedir, cəmiyyətin də məlumatı var.

Mən bu gün mətbuatda oxudum ki,  Azərbaycan Prezidentinin köməkçisi – Prezident Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev Ermənistana bir müraciəti var. Ermənistan üzr istəməlidir. Törətdiyi əməllərə görə, faşizmə görə, vandalizmə görə Azərbaycan xalqından, hər kəsdən üzr istəməlidir. Biz hiç nəyi unutmuruq. Bəli, Ermənistanla yaxşı münasibətlərin tərəfdarıyıq və bu istiqamətdə addımlar da atılır. Ancaq bununla belə tarix olduğu kimi qalır, Ermənistanın əvvəlki və eləcə də indiki rəhbərləri, müəyyən şəxslər vaxtilə Azərbaycana qarşı aqressiyada iştirak etdilər. Minlərlə insanlarımız şəhid oldu, həlak oldu, şəhərlərimiz dağıldı, mədəniyyətimiz, tarixi abidələrimiz dağıldı. Bütün bunlara görə Azərbaycan xalqı Ermənistandan üzr gözləyir”.

Safura Bənnayeva
Globalinfo.az

Paylaş: