Azərbaycanda insanlar əvvəlki illərlə müqayisədə daha gec ailə qururlar. 2025-ci ildə ilk dəfə nikaha daxil olan kişilərin orta yaşı 28,7, qadınların isə 24,1 olub. 2010-cu ildə bu göstəricilər kişilər üçün 27,3, qadınlar üçün isə 23,1 yaş təşkil edib.
Beləliklə, 15 il ərzində ilk nikah yaşı kişilərdə 1,4 il, qadınlarda isə 1 il artıb. Nikahların ümumi sayı da azalıb. 2024-cü ildə Azərbaycanda 49 508 nikah qeydə alındığı halda, 2025-ci ildə bu rəqəm 48 546 olub.
Azərbaycanlıların ailə qurmaq qərarını gecikdirməsinin hansı iqtisadi səbəbləri nədir?
Globalinfo.az-a danışan iqtisadçı Fuad İbrahimov deyib ki, insanların baxışlarında kifayət qədər dəyişikliklər var:
“Gənc nəsil məsələyə tamamilə başqa prizmadan baxır. 20-30 il əvvəl insanlar ailə qurmağı daha çox adət-ənənələrin ayrılmaz hissəsi, vacib bir məqam kimi dəyərləndirirdilər. Amma indi görünür ki, gənc nəslin, əsasən də xaricdə təhsil alıb gələnlərin baxışları çox fərqlidir. Bununla yanaşı, bu mühiti daha da ağırlaşdıran amillər də var: iqtisadi vəziyyət, işsizlik, ali təhsil almış insanların iş tapa bilməməsi, maaş məsələsi”.
İqtisadçı daha bir mühüm məsələyə aydınlıq gətirib:
“Biz indi orta əməkhaqqını gündəmə gətiririk, amma bu göstərici əmək bazarı haqqında ümumiyyətlə düzgün təsəvvür formalaşdırmır. Məsələn, dörd nəfər 10 min manat, 100 nəfər isə minimum əməkhaqqı olan 400 manat maaş alır. Bu zaman orta əməkhaqqı təxminən 700 manat təşkil edir. Bu isə tamamilə yanlış təsəvvür yaradır. Burada median əməkhaqqı göstəricisinə daha çox diqqət yetirilməlidir. Yəni vətəndaşların əksəriyyətinin əslində nə qədər maaş aldığını müəyyənləşdirmək lazımdır. Bu gün orta əməkhaqqı 1 140 manatdırsa, median göstərici ilə hesabladıqda bu rəqəm təxminən 700-750 manat təşkil edir. Bu vəziyyət də öz növbəsində şəraiti daha da çətinləşdirir və nikahların daha gec bağlanmasına səbəb olur”.
Fuad İbrahimov qeyd edib ki, burada həm müsbət, həm də mənfi məqamlar var:
“Mənfi tərəfi odur ki, adət-ənənələrimizdən uzaqlaşırıq. Digər tərəfdən isə düşünülmədən bağlanan erkən nikahların sonradan pozulması ilə bağlı statistika da kifayət qədər yüksəkdir. Görürsünüz, bu məsələdə hərtərəfli problemlər yaranır. Fikirlərimiz də məhz bu göstəricilər əsasında formalaşır”.
Zaira Akifqızı
Globalinfo.az