“Dövlət Turizm Agentliyi tərəfindən regionlarda, xüsusən bu gün olduğumuz Şəki rayonu ərazisində – Yuxarı Baş Milli Tarix-Memarlıq Qoruğu ərazisində tarixi abidələrin bərpası və turistlər üçün yeni turizm məhsullarının hazırlanması prosesi davam etdirilir”.
Globalinfo.az xəbər verir ki, bunu Dövlət Turizm Agentliyinin Qoruqların İdarə Edilməsi Mərkəzinin idarə heyətinin sədri Murad Ağabəyli deyib.
“Ötən dövr ərzində, bu ilin (yəni cari ildə) Yuxarı Baş Qoruq ərazisində bir neçə yeni turizm məhsullarının açılışları olmuşdur və onlar artıq turistlərin istifadəsinə verilib.
Biz ərazidə ziyarət etdiyimiz – Şəki Tarix-Diyarşünaslıq Muzeyində, Şəki Tarix-Diyarşünaslıq Muzeyində ümumilikdə 3000 eksponatdan, 3000-dən çox eksponat mövcuddur ki, bu muzeydə biz artıq onların 2000-ə yaxınını sərgiləyirik.
Bu yeni açılan muzey turistlərin böyük marağına səbəb olub. Muzeyin yerləşdiyi binada bərpa, eyni zamanda təchizat işləri tam yekunlaşıb.
Eyni zamanda Şəbəkə Emalatxanası ərazisində bərpa işləri yekunlaşmış və muzey kimi fəaliyyətə başlamışdır. Eyni zamanda Şəki Şəbəkə Emalatxanasının ətrafında ustaların, Şəki sənətkarlarının işlənməsi üçün ərazilər düzəldilib və onlar bir neçə nəsil bu işlə məşğul olan Rəsulovlar ailəsinə, xüsusən şəbəkə ustası Tofiq Rəsulov və onun tələbələrinə təhvil verilib”.
Rəsmi bildirib ki, muzeylərin və yeni turizm məhsullarının hazırlanması prosesi Şəki və Yuxarı Baş ərazisində davam etdirilir:
“Hazırda biz burada memarlıq – Şəki Memarlıq Muzeyinin yaradılması istiqamətində işlər aparırıq. Eyni zamanda Kiş kəndində tarixi məscidin bərpa olunması istiqamətində işlər aparılır. Tarixi hamamlarda Şəkidə artıq bərpa işlərinə başlanıb. Həmçinin Yuxarı Baş ərazisində gördüyünüz, belə deyək, döşəmə hissəsi – qala divarlarının içində döşəmə hissəsi artıq yaxın zamanda dəyişdirilərək turistlərin istifadəsinə veriləcək. Bu il ərzində, bu ilin ilk doqquz ayı ərzində Yuxarı Baş qoruğunda yerləşən xansaraya ümumilikdə 128 000 turist bilet alaraq ziyarət etmişdir. Təqribən 50 000-ə yaxın turist biletsiz, yəni ödənişsiz alda giriş əldə edib. Xansarayı ziyarət edən turistlərin 45%-ni xarici turistlər, 55%-ni yerli turistlər təşkil edib. Bu, ümumilikdə Şəkiyə gələn turistlərin statistikası deyil, sırf Xansaraya bilet alaraq daxil olmuş turistlərin statistikasıdır”.
Safura Bənnayeva
Globalinfo.az