“POS-terminal” anlayışı qanunvericilikdə dəqiqləşdirilir.
Globalinfo.az xəbər verir ki, bu, Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarıq komitəsinin bu gün keçirilən iclasında müzakirəyə çıxarılan “Elektron ticarət haqqında” Qanuna təklif olunan dəyişiklikdə öz əksini tapıb.
Layihəyə əsasən, “POS-terminal” anlayışı nağdsız ödənişlərin (o cümlədən təmassız ödənişlərin) aparılması və (və ya) nağd pul vəsaitinin alınması üçün nəzərdə tutulmuş avadanlıq, o cümlədən lazımi proqram təminatı ilə təmin edilmiş mobil cihaz (mobil operatorların ümumistifadəli telekommunikasiya şəbəkələrində mobil (sellülar) xidmət alan (xidmət almağa yararlı olan) telefon aparatı və digər son avadanlıq) deməkdir.
Bundan başqa, Qanuna “texnoloji neytrallıq” anlayışı da gətirilir. “Texnoloji neytrallıq” elektron ticarət münasibətlərində bu sahədəki normativ hüquqi aktlarla hər hansı bir texnologiyanın üstün tutulmaması, tətbiqində məhdudiyyətlərin qoyulmaması və müxtəlif texnoloji həllərin bərabər qəbul olunması deməkdir.