Danimarkada 2027-ci ilin əvvəlindən robotların bəzi məhsulları müstəqil şəkildə rəflərə yerləşdirməsi planlaşdırılır. Gələcəkdə onlar məhsul çatışmazlığını aşkar edə, boş qutuları yığışdıra və son istifadə tarixlərini yoxlaya biləcəklər.
Başqa hansı sahələrdə robotlar insanı əvəz edə biləcək? Hansı işlər insan əməyindən məhrum olacaq?
Globalinfo.az-a danışan “ITStation” şirkətinin texnologiya direktoru Eşqin Nuruşov deyib ki, ilk növbədə, təkrarlanan, fiziki güc və eyni hərəkətlərin dəfələrlə yerinə yetirilməsini tələb edən işlər risk altındadır:
“Məsələn, istehsalat müəssisələrində robotlar məhsulların qablaşdırılması, çeşidlənməsi, yığılması və keyfiyyətinin yoxlanılması işlərini görə bilirlər. Logistika və anbarlarda malların daşınması, sifarişlərin hazırlanması və çeşidlənməsi də tədricən avtomatlaşdırılır. Marketlərdə robotlar rəfləri doldurmaqla yanaşı, məhsulların sayını hesablaya, qiymət etiketlərini yoxlaya və vaxtı keçmiş məhsulları müəyyən edə biləcəklər. Gələcəkdə təmizlik, əraziyə nəzarət və bəzi mühafizə xidmətlərində də robotların istifadəsi arta bilər”.
Mütəxəssis bildirib ki, kənd təsərrüfatında məhsul yığımı, əkin sahələrinin monitorinqi və bitkilərin vəziyyətinin yoxlanılması üçün robot texnologiyalarından daha geniş istifadə olunacaq:
“Nəqliyyat sahəsində avtonom avtomobillər və pilotsuz çatdırılma vasitələri bəzi sürücülük işlərinə tələbatı azalda bilər. Müştəri xidmətlərində isə çatbotlar, səsli köməkçilər və avtomatlaşdırılmış sistemlər operatorların gördüyü işlərin bir hissəsini üzərinə götürəcək. Bank sektorunda sadə əməliyyatlar, məlumatların emalı və sənədlərin ilkin yoxlanılması da süni intellekt vasitəsilə həyata keçirilə bilər. Lakin bu, həmin peşələrin tamamilə yox olacağı demək deyil”.
Eşqin Nuruşovun sözlərinə görə, daha çox müəyyən vəzifələr avtomatlaşdırılacaq, işçilərin gündəlik fəaliyyətləri isə dəyişəcək:
“Məsələn, mühasiblərin bəzi hesablama işlərini proqramlar görsə də, maliyyə qərarlarının təhlili və mürəkkəb məsələlərin həllində insan mütəxəssislərə ehtiyac qalacaq. Eyni vəziyyət hüquq, tibb və təhsil sahələrində də müşahidə oluna bilər. Süni intellekt həkimlərə diaqnostikada kömək edə, müəllimlərə dərs materialları hazırlaya və hüquqşünasların sənədlərlə işini sürətləndirə bilər, amma bu, insan faktorunu tam aradan qaldırmır”.
E.Nuruşovun fikrincə, gələcəkdə ən çox risk altında olanlar texnologiyanın asanlıqla əvəz edə bildiyi, standart qaydalarla yerinə yetirilən işlərdə çalışanlar olacaq:
“Bununla yanaşı, robotların hazırlanması, proqramlaşdırılması, texniki xidməti və təhlükəsizliyinin təmin edilməsi üzrə yeni peşələr yaranacaq. İnsanlar üçün əsas məsələ texnologiya ilə rəqabət aparmaq deyil, onunla işləməyi öyrənməkdir. Rəqəmsal bacarıqlar, analitik düşüncə, yaradıcılıq, ünsiyyət və mürəkkəb problemləri həll etmək qabiliyyəti əmək bazarında daha böyük əhəmiyyət qazanacaq. Yəni gələcəyin əmək bazarında yalnız robotların insanları əvəz etməsi deyil, texnologiyadan səmərəli istifadə edən insanların digər işçilərdən üstün mövqeyə çıxması da əsas tendensiyalardan biri olacaq”.
Zaira Akifqızı
Globalinfo.az