Zelenski 1 900x504 1

Rusiya ordusu Ukraynanın enerji infrastrukturuna genişmiqyaslı hücum həyata keçirib. Ukrayna Prezidenti Volodimir Zelenskinin sözlərinə görə, bu, enerji obyektlərinə endirilən ən böyük zərbələrdən biri olub. Hücum zamanı yüzlərlə pilotsuz uçuş aparatı və raketdən istifadə edilib.

Globalinfo.az-ın xəbərinə görə, Zelenski bildirib ki, Ukraynanın müxtəlif regionlarında elektrik enerjisinin istehsalı və ötürülməsi üzrə 15-dən çox mühüm obyekt hədəfə alınıb.

Ölkənin Energetika Nazirliyinin məlumatına görə, ən azı 10 regionun enerji infrastrukturuna hücum edilib və nəticədə bəzi istehlakçılar elektrik enerjisiz qalıb.

Hücumlar səbəbindən Ukraynanın bir sıra vilayətlərində elektrik enerjisinin verilişinə qrafik üzrə məhdudiyyətlər tətbiq olunub. Sənaye müəssisələri və biznes subyektləri üçün enerji istehlakına qoyulan məhdudiyyətlər isə ölkənin bütün regionlarını əhatə edib.

Zelenskinin sözlərinə görə, ən ciddi fəsadlar Ukraynanın qərb və mərkəzi hissələrində qeydə alınıb. Lutsk, Rivne, Jitomir və Vinnitsa şəhərlərində, eləcə də Xmelnitski vilayətinin şimalında yerləşən şəhərlərdə enerji obyektlərinə zərbələr endirilib. Xarkov, Kiyev və Dnepropetrovsk vilayətlərində də enerji infrastrukturuna ziyan dəyib.

“Rusiya qış ərəfəsində Ukraynanı tamamilə işıqsız qoymağa çalışır. Milyonlarla insanımızı elektrik enerjisindən və istilikdən məhrum etmək istəyir”, – deyə Zelenski bildirib.

Ukrayna Prezidenti ABŞ lideri Donald Trampın Rusiyaya qarşı sərt sanksiyaların tətbiqini təxirə salmaq qərarını da tənqid edib. O, bu addımı qanunun “tamamilə nəzərə alınmaması” kimi qiymətləndirib.

Zelenskinin fikrincə, sözügedən qanun Kremlə təzyiq göstərmək və müharibəni dayandırmağa nail olmaq üçün həqiqətən təsirli vasitə ola bilərdi.

Əliyar Xəlil

Globalinfo.az

Paylaş: