rusiya

Rusiyanın İrkutsk vilayətində təhlükəli infeksiyalar üzrə ixtisaslaşan institut əməkdaşının ölümündən sonra Qırğızıstan, Qazaxıstan və Özbəkistan sərhədlərdə sanitar-epidemioloji nəzarəti gücləndirib.

Globalinfo.az xəbər verir ki, Qırğızıstanda dövlət sərhədinin buraxılış məntəqələrində profilaktik tədbirlər artırılıb və sanitar-karantin nəzarəti gücləndirilmiş rejimə keçirilib.

Qırğızıstan Səhiyyə Nazirliyi bildirib ki, tədbirlər İrkutsk vilayətinin Şelehovo rayon xəstəxanasında təhlükəli infeksiyadan ölüm faktı barədə məlumatların yayılmasından sonra görülüb.

Sanitar-karantin məntəqələri gücləndirilən iş rejimində fəaliyyət göstərir. Mütəxəssislər sərhədi keçən şəxslər, nəqliyyat vasitələri və yüklərə nəzarət edir. Məqsəd ölkə ərazisinə yoluxucu, o cümlədən xüsusilə təhlükəli infeksiyaların daxil olmasının və yayılmasının qarşısını almaqdır.

Qazaxıstan Səhiyyə Nazirliyi də İrkutsk vilayətində xüsusilə təhlükəli infeksiyaya şübhəli hal barədə məlumatları izlədiyini açıqlayıb. Nazirliyin məlumatına görə, ölkədə epidemioloji vəziyyət daim nəzarətdə saxlanılır və profilaktik tədbirlər görülür. Dövlət sərhədinin buraxılış məntəqələrində sanitar-karantin nəzarəti həyata keçirilir. Nəqliyyatın bütün növlərində yüksək temperaturu, xəstəlik əlamətləri və ya xüsusilə təhlükəli infeksiyaya şübhəsi olan şəxslər aşkarlanmayıb.

Özbəkistanda da sərhədlərdə sanitar nəzarət gücləndirilib və epidemioloji xidmətlərin hazırlıq səviyyəsi artırılıb.

Qeyd edək ki, hadisə İrkutsk vilayətinin Şelehovo şəhərində baş verib. Oktyabrın əvvəlində əksər təhlükəli infeksiyalara qarşı mübarizə aparan institutun 28 yaşlı əməkdaşı dünyasını dəyişib. KİV-in yaydığı məlumatlara görə, qadının tərkibində taun törədicisinin olduğu sınaq şüşəsini sındırdığı bildirilir.

Hazırda mərhum əməkdaşla təmasda olmuş 197 nəfər tibbi müşahidə altındadır. Rəsmi məlumatlara əsasən, onlarda xəstəlik əlamətləri aşkarlanmayıb və laborator müayinələrin nəticələri mənfi olub. Şelehovo rayon xəstəxanasında zəruri əks-epidemik tədbirlər həyata keçirilir.

Məlumata görə, 28 yaşlı Darya Şipilovanın ölüm səbəbi hazırda “müəyyən edilməmiş etiologiyalı pnevmoniya” kimi göstərilir.

Oktyabrın 5-nə olan məlumata görə, hadisə ilə bağlı epidemioloji araşdırma aparılır. Yekun diaqnoz hələ rəsmi təsdiqlənməyib. Mümkün yoluxmanın mənbəyi və hadisənin digər təfərrüatları araşdırılır.

Əliyar Xəlil

Globalinfo.az

Paylaş: