rubl sovet

Evdə nənə-babanızdan qalan Sovet pulları varsa, onları atmayın! Çünki aralarında minlərlə manat dəyərində əskinas ola bilər! 1923-cü ilin 10 min rublluq əsginası olan şəxslər onun üzərindəki detallara xüsusi diqqət yetirməlidirlər.

Globalinfo.az xəbər verir ki, bunu Milli.az-a numizmat Fərhad Məmmədov bildirib.

Onun sözlərinə görə, 1923-cü ilin 10 min rublluq əskinası erkən Sovet dövründə yüksək inflyasiya şəraitində buraxılıb və qısa müddət dövriyyədə olub.

“Erkən Sovet illərində hiperinflyasiya səbəbindən yüksək nominallı əskinaslara ehtiyac yaranmışdı. 10 min rubl da məhz bu dövrdə dövriyyəyə buraxıldı. Lakin onun dövriyyə müddəti uzun çəkmədi və 1924-cü ilin sonuna qədər dövriyyədən çıxarıldı. Buna görə də digər bəzi əsginaslarla müqayisədə günümüzə daha az sayda nümunəsi gəlib çatıb”, – deyə F.Məmmədov bildirib.

Numizmat qeyd edib ki, 1923-cü ilin 10 min rublluq əskinasının digər mühüm xüsusiyyəti onun üzərində SSRİ dövlət gerbinin əks olunmasıdır.

“Bu, SSRİ gerbinin əks olunduğu ilk ümumittifaq əskinas hesab olunur. Məhz bu xüsusiyyət onu sovet kağız pulları arasında xüsusi maraq doğuran nümunələrdən birinə çevirir”, – deyə o vurğulayıb. Əskinasın ölçüsü 155×79 millimetrdir.

F.Məmmədov bildirib ki, əskinasın ön tərəfində SSRİ dövlət gerbi, buraxılış ili, “Dövlət Pul Nişanı” yazısı və nominal dəyər əks olunub. Mərkəzi hissədə Moskvadakı “Kamennı Most” təsviri, arxa fonda isə Moskvanın mərkəzi mənzərəsi yer alır. Əskinasın aşağı hissəsində sol tərəfdə Xalq Maliyyə Komissarının, sağ tərəfdə isə kassirin imzası yerləşdirilib.

“Xalq Maliyyə Komissarının imzası bütün nümunələrdə eyni olsa da, kassirlərin imzaları müxtəlif ola bilər. Sapunov, Silayev, Sokolnikov və digər kassirlərin imzaları ilə olan nümunələrə rast gəlinir. Hətta elə kolleksiyaçılar var ki, əsas məqsədləri 1923-cü ilin 10 min rublluq əskinaslarını kassir imzalarına görə tam şəkildə toplamaqdır”, – deyə numizmat bildirib.

F.Məmmədovun sözlərinə görə, əskinasın vəziyyəti onun bazar dəyərinin müəyyənləşdirilməsində əsas amillərdən biridir.

“F – Fine, yəni aşınmış, lakin əsas detalları hələ də aydın görünən nümunələrin qiyməti təxminən 60-70 arasında dəyişir. VG – Very Good, yəni daha yaxşı vəziyyətdə olan nümunələr də 100-120 manat aralıqda qiymətləndirilə bilər. VF – Very Fine vəziyyətində olan əskinasın təxmini dəyəri 360 manat, XF – Extremely Fine, yəni son dərəcə yaxşı vəziyyətdə olan nümunənin qiyməti isə təxminən 500 manat ola bilər”, – deyə F.Məmmədov qeyd edib.

Onun sözlərinə görə, dövriyyəyə buraxılmamış, yəni Uncirculated vəziyyətində qorunmuş 1923-cü ilin 10 min rublluq əskinaslarına rast gəlmək olduqca çətindir.

“Belə nümunə tapmaq, demək olar ki, samanlıqda iynə axtarmağa bənzəyir. Dövriyyədə olmamış, əla vəziyyətdə qorunan nümunələrin təxmini dəyəri 1 000 manat civarında ola bilər. Lakin unikal seriya və kassir imzası kimi əlavə xüsusiyyətlər qiyməti daha da yüksəldə bilər”, – deyə numizmat bildirib.

F.Məmmədov real hərrac satışlarına da diqqət çəkib.

“Ötən ilin aprelində Katz hərracında Fine vəziyyətində olan bir nümunə 169 avroya, yəni təxminən 326 manata satılıb. Çəkic altına gəlmiş başqa bir nümunə isə Uncirculated – dövriyyədə olmamış vəziyyətdədir . Üstəlik, kassir Sapunovun imzasını daşıyır və binar (ikirəqəmli-red) seriyaya malikdir – 101-101. Yəni seriyada cəmi iki rəqəmdən istifadə olunub. Həmin əskinas Katz hərracında 1 501 avroya, Azərbaycan valyutası ilə təxminən 2 900 manata satılıb”, – deyə F.Məmmədov bildirib.

Numizmat vurğulayıb ki, 1923-cü ilin 10 min rublluq əskinasını qiymətləndirərkən yalnız nominal və buraxılış ilinə deyil, onun vəziyyətinə, seriyasına və kassir imzasına da diqqət yetirmək lazımdır.

Paylaş: