Milli Məclisin deputatı Bəxtiyar Sadıqov “Azərbaycan” qəzetinə sistemli pul ayrılmasa qəzetin fəaliyyətini dayandıracağını, hər il ən azı 1,5 milyon manat maliyyə yardımı göstərilməli olduğunu deyib. Deputatın bu çıxışı ciddi müzakirələrə səbəb olub.
B.Sadıqov Milli Məclisin orqanı olan “Azərbaycan” qəzetinin baş redaktorudur.
Bəs ayda 1.5 milyon manat vəsaitlə mediada nə etmək olar? Çap mediası üçün bu yardım miqdarı nə dərəcədə doğru və zəruridir?
Mövzunu Globalinfo.az-a şərh edən media eksperti və hüquq müdafiəçisi Ələsgər Məmmədli rəsmi qəzetlərin fəaliyyətindən söz açıb:
“Burada əslində bir neçə məsələ müzakirə oluna bilər. İlk növbədə sual yaranır ki, dövlət qurumlarının hər hansı bir media orqanı olmalıdırmı? Hələ 2000-ci illərin əvvəllərində Azərbaycan Avropa Şurasına daxil olarkən öhdəlik götürmüşdü ki, media müstəqil subyekt olmalıdır və dövlətin buna hər hansı müdaxiləsi olmamalıdır. Həmçinin təsisçi də olmamalıdır. O zaman hökumət bəzi istisnalar qoydu, onlardan biri də parlamentin orqanının olması məsələsidir.
Əlbəttə, bəzi ölkələrdə dövlətin rəsmi qəzeti anlayışı var. Bu qəzetlər dövlətin rəsmi elanlarının çap olunması və hüquqi qüvvəyə minməsi ilə bağlı zəruri bir struktur kimi qalır. Məsələn, qanunların, hər hansı iflas qərarının, ticarət qeydinin çapı həyata keçirilir. Bir sözlə, vətəndaşlar və ya dövlətin xidmət sahələri üçün zəruri olan başlanğıc vaxtını müəyyən etmək baxımından bu tip rəsmi məlumatların rəsmi qəzetlərdə yayılması nəzərdə tutulur”.

Ələsgər Məmmədli
Ekspert qeyd edib ki, hazırkı dövrdə qurumun xəbərlərinin yayımlanması üçün veb saytın fəaliyyəti kifayət edir:
“Azərbaycanda ayrıca rəsmi qəzet yoxdur, dövlət qurumlarının özlərinin rəsmi qəzetləri var. Milli Məclisin rəsmi qəzeti də “Azərbaycan” qəzetidir. Bu baxımdan parlament əgər özünün qanunları çapı üçün rəsmi qəzetin fəaliyyətinin davam etməsini istəyirsə, əlbəttə, bunun üçün hansısa resurslar ayırmalıdır. Əgər Milli Məclis cəmiyyətə öz məlumatlarını çatdırmaq üçün kütləvi informasiya vasitəsinə ehtiyac hiss edirsə, özü onun maliyyə dayanıqlılığını təyin etməlidir. Burada sual yaranır: günümüzdə informasiya texnologiyalarının bu qədər inkişaf etdiyi, parlamentin özünün ayrıca onlayn resursu olduğu halda əlavə bir qəzeti saxlamağa ehtiyac varmı? Məncə, ehtiyac yoxdur. Çünki meclis.gov.az saytı var, parlamentin qanuni öhdəliyi olaraq bütün rəsmi məlumatlar burda yayımlanır.
Əlbəttə, Milli Məclisin daha geniş auditoriyaya çatması üçün bunun mobil versiyasını və sosial şəbəkəsini inkişaf etdirmək nəzərdə tutula bilər. Amma “Azərbaycan”, “Xalq Qəzeti” və s. kimi qəzetlərin günümüzdə fəaliyyəti əslində heç bir informasiyaya xidmət etmir. Onların bir məqsədi var, propaqandaya xidmət etmək. Əgər ölkədə demokratik idarəetmənin olduğu deyiriksə, o zaman qəti şəkildə propaqanda vasitələrinə ehtiyac ola bilməz”.
“Media müstəqil olmalıdır. Əgər hesab edilirsə ki, qəzet yaşamalıdır, mövcud olmalıdır, o zaman “Azərbaycan” qəzetinin kollektivinə təsisçilik verilməlidir. Onlar qəzetin fəaliyyətinin davam edib-etməyəcəyinə, maliyyə resursunu haradan tapacaqlarına qərar verməlidirlər. Bu, digər bu kimi qəzetlər üçün də keçərlidir. Bundan sonra Milli Məclis, Prezident Administrasiyası hansısa media orqanına böyük vəsaitlər xərcləmək əvəzinə, dövlətin rəsmi resursu olan veb saytların daha əlçatımlı, informativ və operativ məlumat yaymasını təmin etməlidrlər”-deyə, o bildirib.
Ayşən Mustafa
Globalinfo.az