Yemen 40877

Səudiyyə Ərəbistanı Yəməndə “Ənsərullah” (husi) hərəkatı tərəfindən işğal edilmiş əraziləri geri almaq üçün hücum əməliyyatlarına başlamaq niyyətindədir.

Qərb diplomatlarının və regional mənbələrin məlumatına görə, əməliyyat qarşıdakı həftələrdə başlayacaq. Əməliyyatın Səudiyyə Ərəbistanının hərbi hava qüvvələrinin dəstəyi ilə Yəmən ordusu tərəfindən aparılacağı iddia edilir.

Globalinfo.az-a danışan politoloq Tamilla Qulami deyib ki, Səudiyyə Ərəbistanının Yəməndə yeni hərbi əməliyyata hazırlaşması, əslində, 2015-ci ildən bəri davam edən münaqişənin yeni mərhələyə keçməsi deməkdir:

“Röytersin” məlumatına görə, Riyadın əsas məqsədi husilərin son dövrdə Qırmızı dənizin sahilində əldə etdiyi irəliləyişləri geri çevirmək və xüsusilə Bab əl-Məndəb boğazına nəzarəti bərpa etməkdir. Planın məhdud sahil əməliyyatından tutmuş bir neçə cəbhədə geniş hücuma qədər variantları nəzərdən keçirilir və quru əməliyyatının əsas yükünü Səudiyyənin dəstəklədiyi Yəmən qüvvələrinin daşıması gözlənilir. Lakin burada əsas məsələ Səudiyyənin hərbi üstünlüyündən daha çox, bu üstünlüyün Yəməndə real siyasi və ərazi nəticəsinə çevrilib-çevrilməyəcəyidir.

Hər kəsə bəllidir ki, Səudiyyə Ərəbistanı hava qüvvələri, texnologiya və maliyyə baxımından müqayisəolunmaz dərəcədə husilərdən xeyli güclüdür. Ancaq əvvəlki təcrübə göstərdi ki, Yəmən kimi mürəkkəb relyefə malik ölkədə hava zərbələri ilə uzunmüddətli nəticə əldə etmək kifayət deyil. Husilər illər ərzində dağlıq ərazilərdə döyüş, pilotsuz aparat və raketlərdən istifadə, həmçinin qeyri-müntəzəm müharibə taktikasında ciddi təcrübə qazanıblar.

Mənim üçün maraqlı tərəfi o oldu ki, bu dəfə Riyadın fərqli yanaşmasını görürük. Belə ki, bu qarşıdurmada əsas yükün Səudiyyə ordusunun deyil, Yəmən qüvvələrinin üzərinə qoyulması nəzərdə tutulur. Lakin vurğulamalıyam ki, həmin qüvvələrin parçalanmış strukturu bu gün ciddi problemdir. Hətta xəbərlərdən də oxuduğumuz kimi anti-Husi qüvvələrin uzunmüddətli hücum üçün kifayət qədər təşkilatlanmadığı görünür”.

Tamilla
Tamilla Qulami

Politoloq bildirib ki, Səudiyyənin müəyyən əraziləri, xüsusilə Bab əl-Məndəb ətrafını geri almaq imkanını tamamilə istisna etmək olmaz:

“Amma husiləri hərbi yolla tamamilə məğlub etmək çox mürəkkəb məsələdir. Əməliyyatın genişlənməsi isə müharibənin uzanmasına, husilərin Səudiyyə ərazisinə raket və dron hücumlarını artırmasına və Qırmızı dənizdə gəmiçiliyin daha da riskli vəziyyətə düşməsinə səbəb ola bilər. Üstəlik, Yəməndə humanitar vəziyyət artıq ağırlaşıb. Belə ki, BMT-nin Ümumdünya Ərzaq Proqramı hökumətin nəzarətində olan ərazilərdə ailələrin 74%-nin ərzaq çatışmazlığı ilə üzləşdiyini bildirir.

Ona görə bu əməliyyatın mümkün nəticəsini şərh etmək bir az çətindir. Düşünürəm ki, daha real ssenari məhdud hərbi uğurla yanaşı, yeni danışıqlar mərhələsinin yaranmasıdır. Çünki Riyadın əsas hədəfi husiləri tamamilə yox etməkdən çox, strateji dəniz yollarına nəzarəti bərpa etmək və öz təhlükəsizliyinə yaranan təhdidi azaltmaq olarsa, əməliyyatın məqsədi daha məhdud və əldəolunan görünür”.

Turan Rzayev
Globalinfo.az

Paylaş: