neftciler prospekti yeni 1432

Bakının premium ərazilərində mənzillərin qiyməti rekord həddə çatıb. Azərbaycan Qiymətləndiricilər Cəmiyyətinin sədri Vüqar Orucovun sözlərinə görə, Nəsimi rayonunun Neftçilər prospektində mənzillərin maksimal qiyməti 19 min manat/kv.m-ə çatır. Səbail rayonunun Üzeyir Hacıbəyli küçəsində bu göstərici 15 900 manat, Niyazi küçəsi və Ağ Şəhərin “Yaşıl Ada 1” ərazisində isə 9 200 manat təşkil edir.

Bəs qiyməti bu qədər yüksək olan mənzilləri kimlər alır? Onlar bu əmlakı daha çox yaşamaq, yoxsa investisiya məqsədilə əldə edirlər?

Globalinfo.az-a danışan əmlak məsələləri üzrə ekspert Elnur Fərzəliyev deyib ki, artıq uzun illərdir Bakıdakı mənzillərin qiymətlərində ciddi artım müşahidə olunur:

“Qiymət artımı ilə paralel olaraq paytaxtda bəzi üstün xüsusiyyətlərə malik yaşayış binaları da var ki, mənzillər ətraf binalardakı mənzillərlə müqayisədə dəfələrlə baha qiymətə təklif olunur. Bunun əsas səbəbi həmin binaların daha komfortlu olması, bina sayının məhdudluğu və yerləşdiyi ərazinin digər ərazilərdən fərqlənməsidir”.

Ekspert bildirib ki, bu tip binalarda mənzil alan şəxslər təkcə Azərbaycan vətəndaşları deyil:

“Həmin binalarda daha çox xarici ölkə vətəndaşlarına rast gəlmək mümkündür. Onlar əsasən investisiya məqsədilə bu tip mənzilləri əldə edirlər. Çünki gələcəkdə digər əmlaklarda qiymət artımları baş verdiyi zaman belə binalardakı mənzillərin qiyməti daha sürətlə artır”.

Zaira Akifqızı
Globalinfo.az

Paylaş: