Pasinyan 121xerite

Ermənistanın Baş naziri Nikol Paşinyan sentyabrın 27-də 44 günlük müharibənin başlanmasının ildönümü ilə bağlı ictimaiyyətə xüsusi müraciət yayımlamamasının səbəbini açıqlayıb.

Globalinfo.az xəbər verir ki, bu barədə Ermənistan mediası məlumat yayıb.

O, həmin gün Ermənistanın İctimai Televiziyasında yayımlanan əyləncə məzmunlu veriliş və konsertlərlə bağlı məsələyə də münasibət bildirib:

“Əlbəttə, burada müəyyən uyğunsuzluq var. Amma sanki bizim televiziyada konsert yayımladığımız digər günlərində heç onlarla insan həlak olmayıb? Bu gün də 44 günlük müharibə günlərindən biridir və həmin gün çox sayda itki vermişik. Buna necə yanaşaq? Sonra noyabrın 9-u gələcək. Mən başa düşmək istəyirəm: 8 və ya 10 il sonra sentyabrın 27-də konsert yayımlamaq mümkün olacaq, yoxsa olmayacaq? Bəs digər günlər necə – Aprel döyüşlərinin günləri, sentyabrın 13-ü və s.?

Problem ondadır ki, bizim tariximizdə çoxlu faciəli günlər var. Əgər tariximizlə üzləşsək, mümkündür ki, ilin 365 gününün hamısı böyük faciələrlə yadda qalsın”.

Paşinyan həmçinin vurğulayıb: “44 günlük müharibə ilə bağlı müraciət ediləcəksə, artıq avqustun 8-də Vaşinqtonda imzalanan üçtərəfli bəyanatdan sonra formalaşmış siyasi məntiqdən irəli gələn sözlərdən istifadə edilməlidir. Bundan sonra isə böyük müzakirə başlayacaq ki, niyə mətndə “Artsax” yazılmayıb, “aqressiya” yazılmayıb, “soyqırımı” yazılmayıb”.

Safura Bənnayeva
Globalinfo.az

Paylaş: