kend maldarliq 131

Dövlət Məşğulluq Agentliyi maldarlıq istiqaməti üzrə yeni zərfin tətbiq ediləcəyini açıqlayıb. Məlumata görə, proqrama cəlb olunan uyğun şəxslərin hər birinə “Simmental” və “Holstein” cinslərindən 2 baş damazlıq inək veriləcək.

Bununla bağlı Globalinfo.az-a son iki gün ərzində 300-dən çox vətəndaş tərəfindən müraciət daxil olub.

Vətəndaşlar bildirirlər ki, özünüməşğulluq proqramı çərçivəsində maldarlıq istiqaməti üzrə müraciət etmələrinə baxmayaraq, uzun müddətdir ki, onlara heyvan verilməyib. Müraciət edənlər arasında 2, 3, 4, 5, hətta 6 il əvvəl müraciət etdiyini bildirən şəxslər var. Vətəndaşların sözlərinə görə, onlara müraciət zamanı müəyyən bal meyarını keçdikdən sonra heyvan veriləcəyi bildirilib. Lakin bəzi şəxslər 80 baldan yuxarı, hətta 101 bal topladıqları halda belə, indiyədək inək ala bilmədiklərini qeyd edirlər.

Bu şəxslərin müraciətlərinin uzun müddət təmin edilməməsinin səbəbi nədir? Balı 80-dən, hətta 100-dən yuxarı olan şəxslərin heyvanla təmin olunmaması hansı meyarlarla bağlıdır?

Məsələ ilə bağlı Globalinfo.az Dövlət Məşğulluq Agentliyinə sorğu ünvanlayıb.

Qurumdan bildirilib ki, Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Məşğulluq Agentliyi tərəfindən həyata keçirilən önəmli aktiv məşğulluq istiqamətlərindən biri özünüməşğulluq proqramıdır:

“Proqramın icrası mərhələli və növbəlilik prinsipi əsasında həyata keçirilir. İlkin mərhələdə vətəndaşların şəraitinə baxış keçirilir, seçdikləri fəaliyyət istiqaməti üzrə imkanları qiymətləndirilir və uyğun hesab edilən şəxslər növbəli qaydada təlimlərə cəlb olunurlar. Təlimləri uğurla başa vuran iştirakçıların biznes planları təsdiqləndikdən sonra onlar seçdikləri fəaliyyət istiqamətinə uyğun olaraq aktivlərlə (mal-qara, avadanlıq və digər zəruri vasitələrlə) təmin edilirlər”.

Qurumdan o da qeyd olunub ki, növbəlilik şəxslərin müraciət etmə tarixi, ünvanlı dövlət sosial yardımı alması, əlilliyi olması, bir ildən artıq işsiz kimi qeydiyyatda olması, pensiya yaşına iki ildən az qalmış şəxs olması, cəzaçəkmə yerlərindən azad edilmiş işsiz şəxs olması və şəhid ailəsinin üzvü olması nəzərə alınmaqla təyin edilir:

“Vətəndaşa hər bir meyara uyğun müvafiq bal verilməklə növbə sırası müəyyən edilir. Aktivlərin təqdim olunma müddətinə gəldikdə, bu proses vətəndaşın proqramın bütün mərhələlərini uğurla tamamlamasından sonra həyata keçirilir. Bununla belə Agentlik tərəfindən aktivlərin vətəndaşlara vaxtında və keyfiyyətli şəkildə çatdırılması üçün zəruri tədbirlər görülür.

Müraciətini ünvanladığınız Biləsuvar rayon sakini Sultanov Firudin Əsgər oğlu 09.01.2026-cı ildə Dövlət Məşğulluq Agentliyinin Şirvan-Salyan Regional Məşğulluq filialının göndərişi əsasında işlə təmin olunub. May ayında Əmək Məcəlləsinin 68.2a bəndinə (tərəflərdən birinin təşəbbüsü) əsasən əmək müqaviləsinə xitam verilib. F.Sultanova özünüməşğulluq proqramına müraciət etmək üçün Məşğulluq filialının Biləsuvar rayon xidmət şöbəsinə yaxınlaşması tövsiyə olunub.

Digər vətəndaş Ağdam rayonu, Quzanlı qəsəbə sakini Vəliyev Şamxal İlqar oğlu özünüməşğulluq proqramı iştirakçısıdır və “Qoyunçuluq təsərrüfatı” istiqaməti üzrə qeydiyyata alınıb. Vətəndaş təlim və qiymətləndirmə mərhələsini keçib. Hazırda əmlakla təmin olunmaq üçün növbədədir. Növbəlilik qaydasına uyğun olaraq Ş.Vəliyevin aktivlərlə təminatı həyata keçiriləcək”.

Zaira Akifqızı
Globalinfo.az

Paylaş: