Dünən xəbər yayıldı ki, metronun “Xocəsən” və “Avtovağzal” stansiyalarına giriş ödənişsiz olacaq və bir ay bu formada davam etməsi gözlənilir.
Onsuz da həmin stansiyalara bir qədər yaxın ərazidə qaldığım üçün düşündüm ki, fürsətdən istifadə edim. Amma metroya çatmaq üçün əvvəlcə təxminən 45 dəqiqə tıxaclı yoldan keçməli oldum.
Nəhayət, metroya çatdıq. Girişlər açıq idi. İki əməkdaş sərnişinlərə “Keçin, pulsuzdur” deyərək məlumat verirdi. Qatarla “Memar Əcəmi” stansiyasına çatdıq, oradan keçid edərək “Dərnəgül” istiqamətində hərəkət etdik və sonuncu stansiya olan “Nizami”yə getdik. Hər zamankından daha tez çatdıq.
Amma sonra nə dəyişdi?
Heç nə…
Təbii ki, “Xocəsən” və “Avtovağzal” stansiyalarına ödənişsiz giriş təşəbbüsünü müsbət addım kimi qiymətləndirmək olar. İnsanların alternativ nəqliyyatdan istifadəsini artırmaq və avtomobil sıxlığını azaltmaq baxımından bu cür addımların sınanması başadüşüləndir.
Amma sual başqadır: niyə məhz ən çox istifadə olunan və əsas sıxlığın yaşandığı istiqamətlərdə deyil?
Çünki “Xocəsən” və “Avtovağzal”dan istifadə edən sərnişinlərin sayının şəhərin digər əsas metro istiqamətləri ilə müqayisədə nə qədər olduğu da ayrıca sualdır.
Bir sözlə, təşəbbüs yaxşıdır. Amma təşəbbüsün özü qədər harada və necə tətbiq edilməsi də vacibdir.
Əgər məqsəd həqiqətən Bakı küçələrindəki sıxlığı azaltmaqdırsa, növbəti günlərdə sərnişinlərin əsas hərəkət istiqamətlərini nəzərə alan daha effektiv alternativlərin təqdim olunmasını gözləmək olar.

Safura Bənnayeva
Globalinfo.az
Globalinfo.az