Azərbaycanda toy mərasimlərində bu gün də qorunub saxlanılan maraqlı adətlərdən biri gəlinin belinə qırmızı lent bağlanmasıdır. Xüsusilə bəzi bölgələrdə geniş yayılan bu ənənə toy mərasiminin diqqətçəkən rituallarından biri hesab olunur.
Bəs gəlinin belinə qırmızı lent bağlanmasının tarixi və simvolik mənası nədir? Bu adət hansı inanclarla bağlıdır və zamanla necə formalaşıb?
Globalinfo.az-a danışan folklorşünas Elnarə Əmirli deyib ki, bu adət fərqli izah olunur:
“Mərasimlərimizdə gəlinin belinə qırmızı lent bağlanması müxtəlif bölgələrdən toplanmış folklor nümunələrində fərqli şəkildə izah olunur. Bunlardan ən yayğın olanı budur ki, bəziləri bunu qızın təmizliyi və namuslu olması ilə əlaqələndirirlər. Digər bir izah ondan ibarətdir ki, qırmızı lent gəlinin bədnəzərdən qorunmasına işarə edir. Daha yayğın olan başqa bir izah isə budur ki, qırmızı lent qızın gələcəkdə getdiyi ocaqda nəsilartırma funksiyasını yerinə yetirməsini, yəni gələcəkdə oğullu-uşaqlı olmasını simvolizə edir”.
E.Əmirlinin sözlərinə görə, son dövrlərdə belə bir təsəvvür formalaşıb ki, qırmızı lent yalnız bakirəliyi bildirir:
“Bu, belə deyil. Qədim inanclarda, qeyd etdiyim kimi, qırmızı rəngin qoruyucu mənası daha üstün olub. Müxtəlif türk xalqlarında da buna rast gəlinir. Yəni qırmızı rəngdən daha çox qoruyucu, bədnəzərdən qoruma anlamında istifadə olunub. Eyni zamanda, onun bolluq və bərəkət mənası da ön plana çıxıb. Lakin daha sonrakı dövrlərdə qırmızı lentin təmizliyi və bakirəliyi ifadə etməsi geniş yayılıb. Təbii ki, indi biz də müxtəlif mərasimlərdə iştirak edirik. Bəzən gənclər yalnız həmin mənaya yönəldikləri üçün qırmızı lenti bağlamaq istəmirlər. Mən də belə hallara rast gəlmişəm. Bəzən deyirlər ki, “Mən evdə bu lenti bağlayacağam, amma toy zamanı zalda onu bağlamayacağam”. Çünki toyda gəlinin ağ rəngdə geyinməsi ilə qırmızı lentin uyğun gəlmədiyini düşünürlər. Bu səbəbdən gənclər çox vaxt onu bağlamaqdan imtina edirlər”.

Elnarə Əmirli
Folklorşünas deyib ki, bizdə “el qınağı” deyilən bir anlayış da var:
“Yəni bu, insanların dünya görüşündən asılıdır. Bəzi insanlar normal yanaşırlar ki, gəlin bağlamaq istəmirsə, təbii ki, bağlamaya bilər. Amma bəzən bu, ailənin düşüncəsindən də asılı olur. Bəzi ailələrdə bu, qəbul edilmir və düşünülür ki, gəlin qırmızı lenti sona qədər bağlamalıdır. Yəni bu məsələyə münasibət həm sosial mühitdən, həm də ailənin dünyagörüşündən asılıdır. Həm də bir çox ailələrin arzusudur ki, mərasimlər zamanı, istər oğul evləndirərkən, istərsə də qız köçürərkən əvvəldən bizə gəlib çatmış, nəsildən-nəslə ötürülən adət-ənənələr olduğu kimi icra olunsun. Bu, onların arzusudur. Ona görə də daha çox yaşlı nəsil, ata-ana övladlara təsir edir ki, həmin adətlərin hamısı icra olunsun. Məhz bu adətlərdən biri də qırmızı lentdir. Bu lentin bağlanması daha çox böyüklər tərəfindən istənilir”.
Elnarə Əmirli əlavə edib ki, onun fikrincə, adət-ənənəyə məxsus hər bir detal qorunmalıdır.
Zaira Akifqızı
Globalinfo.az