Xəbər verdiyimiz kimi, Yardımlı Rayon İcra Hakimiyyətində keçirilən əməliyyat nəticəsində bir neçə vəzifəli şəxs saxlanılıb. 15 sentyabrda isə Prezident İlham Əliyevin imzaladığı Sərəncamla Ayaz Əsgərov Yardımlının icra başçısı vəzifəsindən azad edilib.
Keçirilən əməliyyat çərçivəsində sabiq icra başçısı da məsuliyyətə cəlb edilə, həbs oluna bilərmi?
Globalinfo.az-a danışan hüquqşünas Əkrəm Həsənov deyib ki, Ayaz Əsgərov həbs oluna bilər:
Əkrəm Həsənov
“Bir neçə dəfə belə halların şahidi olmuşuq ki, müəssisədə əməliyyat keçirilib, daha sonra yerli icra başçısı həbs olunub. Böyük ehtimalla, hər hansı dövlət orqanında korrupsiya baş veribsə, təqsirsizlik prezumpsiyasına riayət etməklə demək olar ki, ən azı rəhbərin bundan məlumatı olub. İştirakı olmasa belə, rəhbərin məlumatının olması ehtimal ediləndir. Çünki Azərbaycanda adətən rəhbərliyin məlumatı və icazəsi olmadan belə halların baş verməsi qeyri-mümkündür. Təbii ki, burada kimisə ittiham etmirəm, sadəcə mümkün ehtimalı irəli sürürəm”.
Qeyd edək ki, Azərbaycanda indiyədək bir neçə rayonun icra başçısı korrupsiya və digər vəzifə cinayətləri ilə bağlı saxlanılaraq həbs edilib. Mediada yayımlanan məlumatlara əsasən, bu sırada Ağstafa rayonunun sabiq icra başçısı Nizaməddin Quliyev, Yevlax şəhərinin sabiq icra başçısı Qoca Səmədov, Neftçala rayonunun sabiq icra başçısı İsmayıl Vəliyev, Biləsuvar rayonunun sabiq icra başçısı Mahir Quliyev, İmişli rayonunun sabiq icra başçısı Vilyam Hacıyev, Cəlilabad rayonunun sabiq icra başçısı Namiq Zeynalov, Kürdəmir rayonunun sabiq icra başçısı Ceyhun Cəfərov və Şəmkir rayonunun sabiq icra başçısı Alimpaşa Məmmədov var.
Son olaraq, 2025-ci ilin iyununda Qax Rayon İcra Hakimiyyətinin başçısı Musa Şəkiliyev Dövlət Təhlükəsizlik Xidmətinin keçirdiyi əməliyyat zamanı saxlanılıb və barəsində həbs qətimkan tədbiri seçilib.
Ləman İmran
Globalinfo.az