Fransa Azərbaycanı İrəvandan vurur – Hədəf müəyyən edildi

Ermənistanın paytaxtı İrəvanın və Fransanın şəhəri Lionun birgə təşkilatçılığı çərçivəsində Azərbaycanın tarixi şəhəri olan İrəvanın “Təpəbaşı” məhəlləsinin “rekonstruksiyası” barədə layihə hazırlanır. Artıq Lion meri İrəvana səfər edərək həmin ərazilərə baxış keçirib. Ermənilər fransızlarla birləşərək Azərbaycan xalqına məxsus “Təpəbaşı” məhəlləsinin real tarixi izlərini silmək niyyətindədirlər. Azərbaycanın bu məsələyə münasibəti necə olacaq?

Məsələ ilə bağlı Globalinfo.az-a açıqlamasında Milli Məclisin deputatı Bəhruz Məhərrəmov deyib ki, Fransanın Lion və İrəvan şəhər meriyalarının “Təpəbaşı” məhəlləsinin “rekonstruksiyası” ilə bağlı razılaşması Azərbaycan irsinə qarşı kulturasiddir və prosesin dərhal qarşısı alınmalıdır:

“Əks halda İrəvan şəhərinin çoxəsrlik unikal tarixi şəhər nüvəsinə bərpası mümkün olmayan zərbə vurulacaq. İrəvanın XVI-XVII əsrlərə aid tarixi hissəsinin türk-müsəlman məhəllə sistemini birdəfəlik itirmiş olacağıq. Məlumatlara görə, hazırda “Təpəbaşı”da 360 ədəd tarixi-mədəni irs nümunəsi var, onlardan da 35%-i hələ də özünün orijinallığını qorumaqdadır ki, bu da bölgə ilə heç bir etnik bağlılığı olmayan ermənilər üçün ciddi “problemdir”.

Bəhruz Məhərrəmov

Ümumiyyətlə, XIX əsrin ikinci dekadasından etibarən Qərbi Azərbaycan torpaqlarında məskunlaşan ermənilər gəldikləri andan hər vəchlə bölgədən Azərbaycan izlərini silməyə cəhd göstəriblər. Lakin bu yurdun əsl sahibləri olaraq bizim Qərbi Azərbaycan torpaqlarında izlərimiz o qədər dərindir ki, bütün vəhşiliklərə baxmayaraq, ermənilər hələ bu ərazilərin tarixi-mədəni simasını dəyişməyi bacarmayıblar. Ona görə də vandalizm siyasətini dövlət səviyyəsində reallaşdıran Ermənistan heç olmasa İrəvanda bu prosesi başa çatdırıb, türk izini yox etməyi hədəfləyir”.

Millət vəkili deyib ki, bu gün özündə İrəvanın türk-müsəlman mənşəyini ehtiva edən əsas məkan “Təpəbaşı” məhəlləsidir:

“Bilirsiniz ki, ötən ilin iyul ayında Azərbaycandan 102 nəfər tanınmış elm və ictimaiyyət xadimi xalqımızın zəngin tarixi-mədəni irsinin ermənilər tərəfindən məhv edilməsinin qarşısının alınması üçün UNESCO-ya yazılı müraciət ünvanlayaraq zəruri addımlar atmağa çağırmışdı. Yəni UNESCO rəhbərliyi məsələ ilə bağlı təfsilatlı şəkildə məlumatlıdır. Lakin ötən bir il ərazində bu mədəni cinayətlərə təşkilatdan heç bir reaksiya yoxdur, əksinə, bu müraciətdən sonra İrəvanda Azərbaycan abidələrinin məhvi intensivləşib. Bu, bizim üçün təəccüblü deyil, çünki 30 il işğala, Qarabağ və Şərqi Zəngəzurda mədəni-tarixi abidələrin məhv edilməsinə göz yuman, tarixin ən böyük kulturasidini görməzdən gələn UNESCO, biz 44 günlük savaşda öz torpağımızı azad edəndə erməni mədəni nümunələrinin monitorinqini keçirmək istədiyini bəyan etmişdi. Bu, açıq ikili standart və riyakarlıqdır. Xüsusən fransız siyasətçi Odri Azulenin rəhbərliyi dövründə UNESCO özünü Fransanın bir nazirliyi kimi aparmaqdadır və bu mənada Ermənistandakı Azərbaycan izlərinin məhv edilməsi üçün bundan daha yaxşı fürsət ola bilməz”.

B.Məhərrəmov qeyd edib ki, Fransa 30 il işğal, təcavüz və separatizm, ekosid və urbisiddə Ermənistana dəstək verdiyi kimi “Təpəbaşı” məhəlləsinin, beləliklə azərbaycanlıların izlərinin İrəvandan silinməsində də haylara yardım etməyə məmnuniyyətlə hazırdır və kulturasid cinayətlərində, vandalizm əməllərində də Ermənistanla bərabərdir:

“Görünən odur ki, UNESCO da öz növbəsində erməni-fransız vandallığına göz yumub, bu cinayətə ortaq olmağa dünəndən hazırdır. Bu artıq dövlət səviyyəsində yox, beynəlxalq səviyyədə cinayətin törədilməsi olduğu üçün istər Ermənistanın və Fransanın cinayətləri, istərsə də UNESCO-nun bu prosesdə rolu ilkin mərhələdə ən azı BMT-nin rəsmi sənədi kimi yayılmalı və pislənməlidir”.

Zaira Akifqızı
Globalinfo.az