4639 zelenski yarin turkiyeye geliyor 900x506 1

Ukrayna Prezidenti Volodimir Zelenski ölkənin baş prokuroru Ruslan Kravçenkonun vəzifədən azad edilməsi barədə fərman imzalayıb.

Globalinfo.az-ın xəbərinə görə, bundan əvvəl, Zelenski bildirib ki, Milli Antikorrupsiya Bürosunun (NABU) direktoru Semyon Krivonosa qarşı şübhə elan edən Kravçenko üçün yeganə çıxış yolu istefa verməkdir.

O, Ali Radanı Kravçenkonun vəzifədən azad edilməsi ilə bağlı qərarı təcili qəbul etməyə çağırıb. Zelenskinin təqdimatı üzrə səsvermənin sentyabrın 15-də keçirilməsi gözlənilir.

Kravçenko sentyabrın 8-də Ukrayna Baş Prokurorluğunda antikorrupsiya qurumları tərəfindən axtarışlar aparıldıqdan sonra istefa ərizəsi təqdim edib.

Sentyabrın 14-də səhər Kravçenko video-müraciət yayımlayaraq bildirib ki, ötən həftə NABU direktoru Semyon Krivonosa qarşı şübhə elan edib. O, Ukraynanın antikorrupsiya qurumlarını axtarışlar zamanı öz əməkdaşları ilə bağlı cinayət işlərinin materiallarını qanunsuz şəkildə ələ keçirməkdə ittiham edib.

Krivonos isə Kravçenkonun ona qarşı şübhə elan edilməsi barədə sənədi almadığını bildirib.

Bundan sonra Kravçenkonun xidməti avtomobillə Ukraynadan çıxdığı məlum olub. O isə xaricdə xidməti ezamiyyətdə olduğunu açıqlayıb.

Kravçenko bildirib ki, məqsədi antikorrupsiya qurumları sistemindəki real vəziyyət barədə beynəlxalq tərəfdaşları məlumatlandırmaqdır.

Əliyar Xəlil

Globalinfo.az

Paylaş: