Lənkəranı tanımaq üçün təkcə xəritəyə baxmaq kifayət etmir. Bu şəhərin tarixini daş divarlarında, təbiətini Hirkan meşələrinin dərinliyində, qonaqpərvərliyini süfrəsində, Lənkəranın özünəməxsus ruhunu isə bir fincan çayın ətrində hiss etmək mümkündür.
Sentyabrın 9-da Dövlət Turizm Agentliyinin təşkilatçılığı ilə yerli media nümayəndələri üçün Lənkərana mediatur təşkil olunub. Səfərin əsas məqsədi bölgənin müxtəlif turizm imkanlarını, təbii və mədəni irsini, yerli turizm məhsullarını və qonaqpərvərlik ənənələrini nümayiş etdirmək, turizm əhəmiyyətli məkanları daha geniş auditoriyaya tanıtmaq və Lənkərana turist səfərlərini təşviq etmək olub.
Lənkəranda olduğumuz müddətdə yerləşdiyimiz oteldə diqqətimizi çəkən başqa bir məqam da bölgəyə olan turist marağının mənzərəsini göstərirdi. Oteldə Qazaxıstan, Özbəkistan, Rusiya və İsraildən gələn turistlərə rast gəldik. Onların arasında daha çox Qazaxıstanın Aktau şəhərindən gələn qonaqlar üstünlük təşkil edirdi. Eyni zamanda, oteldə yerli turist və istirahət edənlərin də kifayət qədər olması diqqətdən yayınmırdı. Bu mənzərə Lənkəranın həm xarici, həm də yerli turistlər üçün cəlbedici is tiqamətlərdən birinə çevrildiyini göstərən real müşahidələrdən biri idi.
Mediaturun ilk ünvanlarından biri Lənkəran Tarix-Diyarşünaslıq Muzeyi olub. Mir Əhməd xanın tarixi evində yerləşən muzey şəhərin keçmişini özündə yaşadan əsas məkanlardan biridir. Burada Lənkəranın tarixi, məişəti və mədəniyyəti ilə bağlı zəngin eksponatlarla tanış olmaq mümkündür.
Muzeyin direktoru, tarix üzrə fəlsəfə doktoru Leyla Məcidovanın sözlərinə görə, 2025-ci ildə Lənkəran Tarix-Diyarşünaslıq Muzeyini 75 mindən çox turist ziyarət edib. Xüsusilə xarici turistlərin muzeyə marağı böyükdür. Onları həm tarixi bina – xanın mülkü, həm də Lənkəranın keçmişini əks etdirən eksponatlar cəlb edir.
Muzeydə hazırda 12 min 500-ə yaxın eksponat mövcuddur. Bir neçə il əvvəl bu rəqəmin 10 min olduğu nəzərə alınsa, muzeyin fondu son illərdə əhəmiyyətli dərəcədə zənginləşib.
Lənkəran Tarix-Diyarşünaslıq Muzeyi 1924-cü ildən fəaliyyət göstərir, 1991-ci ildən isə Mir Əhməd xanın sarayında yerləşir. Tarixi bina həm də Lənkəranın ilk çoxmərtəbəli tikilisi kimi diqqət çəkir.
Tarixi məkandan ayrılıb yolumuzu Lənkəranın təbiətinə salırıq. Növbəti dayanacaq Hirkan Milli Parkı və Xanbulan gölüdür.
Xanbulan gölü ətrafındakı mənzərə Lənkəranın təbiətlə vəhdətini göstərən əsas məkanlardan biridir. Hirkanın zəngin meşə örtüyü ilə əhatələnən göl həm təbiətsevərlər, həm də sakit istirahət axtaran turistlər üçün maraqlı istiqamətdir. Burada Lənkəranın ekoturizm imkanlarını daha yaxından görmək mümkündür.
Lənkəranın təbiəti isə yalnız Hirkan meşələri ilə məhdudlaşmır. Mediatur çərçivəsində bölgənin daha fərqli məkanlarından biri – bambuk yetişdirilən təsərrüfatla da tanış olmaq imkanı yaranıb.
Lənkəranın Talışlı kəndində fərdi sahibkar Eynulla Calalovun yaratdığı bambuk təsərrüfatı bölgənin qeyri-adi turizm və yerli məhsul imkanlarından biri kimi diqqət çəkir. Sahibkarın sözlərinə görə, Cənub bölgəsinin təbiəti bambukun yetişdirilməsi üçün əlverişlidir. O, 32 sot həyətyanı sahədə mindən çox bambuk yetişdirir.
Bir bambuk ağacının yetişdirilməsinə təxminən 48-50 gün vaxt sərf olunur. İllər əvvəl bu işə başlayan Eynulla Calalov ölkədə bambuk yetişdirən ilk şəxs olduğunu bildirir. İlk mərhələdə yetişdirdiyi bambuklardan sərgilərdə nümayiş etdirmək üçün müxtəlif əşyalar hazırlayan sahibkar sonradan mebel və müxtəlif aksesuarların hazırlanması ilə bağlı sifarişlər almağa başlayıb.
Beləliklə, bambuk təsərrüfatı tədricən ailə təsərrüfatına çevrilib. Bambukdan hazırlanan müxtəlif əşyalar Lənkəranda keçirilən sənətkarlıq sərgilərində dəfələrlə nümayiş etdirilib. Sahibkar bu işə görə fəxri fərman və diplomlarla təltif olunub.
Lənkəranın turizm hekayəsində təbiət qədər çayın da xüsusi yeri var. Mediatur çərçivəsində iştirakçılara çayçılıq və çay istehsalı prosesi təqdim olunub. Burada çayın hazırlanma mərhələləri, yerli məhsullar və müxtəlif çay növləri haqqında məlumat verilib.
Məlum olub ki, Lənkəran çay plantasiyasında 86 növdə çay təqdim olunur. Ümumilikdə isə iki əsas çay sortundan istifadə edilir. Turistlərin seçimində xüsusilə ətirli çaylar üstünlük təşkil edir. Bu da Lənkəran çayının sadəcə içki deyil, bölgənin yerli turizm məhsullarından biri kimi də təqdim edildiyini göstərir.
Səfərin daha bir maraqlı ünvanı Arıçılıq Muzeyi olub. Burada arıçılığın tarixi, arı məhsullarının xüsusiyyətləri və onların müxtəlif sahələrdə istifadəsi barədə məlumat verilib. Media nümayəndələrinə, həmçinin apiterapiyanın tətbiqi imkanları haqqında məlumat təqdim olunub.
Beləliklə, bir günlük mediatur Lənkəranın bir-birindən fərqli, lakin bir-birini tamamlayan turizm istiqamətlərini üzə çıxarıb. Bir tərəfdə Mir Əhməd xanın sarayında qorunan tarix, digər tərəfdə Hirkan meşələri və Xanbulan gölünün təbiəti, daha sonra bambuk təsərrüfatı, çayçılıq, çay istehsalı və arıçılıq…
Lənkəranın turizm potensialının əsas üstünlüyü də məhz bundadır: burada turist yalnız bir məkana getmir, eyni səfər çərçivəsində tarixi, təbiəti, yerli məhsulları və bölgənin qonaqpərvərlik ənənələrini birlikdə yaşaya bilir.
Səfər müddətində media nümayəndələrini maraqlandıran suallar cavablandırılıb, bölgənin turizm imkanları barədə ətraflı məlumat verilib.
Lənkərandan ayrılarkən yadda qalan yalnız tarixi saray, Hirkan meşələri və Xanbulan gölünün mənzərəsi deyil. Oteldə qarşılaşdığımız xarici turistlər, bambukun yaşıllığı, arıçılığın özünəməxsusluğu və ətirli Lənkəran çayının qoxusu da bu səfərin yadda qalan detallarına çevrilir. Bütün bunlar Lənkəranın turizm xəritəsində yalnız təbiət və tarix deyil, həm də yerli istehsal, sənətkarlıq və qonaqpərvərlik baxımından özünəməxsus yer tutduğunu göstərir.
Zaira Akifqızı
Globalinfo.az

