308090f3 fff8 48ee 9809 622916aa68b9

Sentyabrın qəribə sehri var. Uşaqlıqda bu ayın gəlişini səbirsizliklə gözləyərdik. Yay bitirdi, amma indiki uşaqlar kimi buna üzülmürdük. Çünki sentyabr yeni dəftərlər, təzə çantalar, məktəb forması, kitab qoxusu və səhər tezdən məktəbə tələsən uşaqlar demək idi. Elə bilirdik ki, qarşıda bizi çox uzun, sonsuz bir zaman gözləyir. Elə bilirdik, böyüməyə hələ çox var. Qarşımızda bitməyən dərs illəri, qarşılaşacağımız saysız-hesabsız insanlar, yaşanacaq yüzlərlə gün vardı.

İndi isə sentyabr gələndə adamın içində qəribə bir sükut yaranır. Çünki artıq bilirik ki, zaman heç də düşündüyümüz qədər uzun deyilmiş. Artıq sentyabrın ilk günü bizi həyəcanlandırmır. Əvvəl isə 1 sentyabrda yeni dəftərin ilk səhifəsini yazanda sanki qarşımızda yeni bir həyat açılırdı. Bu gün sentyabr bizə yeni başlanğıclardan çox, keçib gedənləri xatırladır.

Artıq məktəbə gecikməmək üçün tələsmirik, anamızın hazırladığı çantanı çiynimizə atıb, dostlarımızla görüşəcəyimiz üçün sevinə-sevinə yola çıxmırıq. Sadəcə həmin günlərin şəkillərinə baxıb bütün qəlbimizlə deyirik: “Kaş bircə dəfə o günə, o səhərə qayıda biləydik…”

Amma həyatın ən ağır tərəfi də məhz budur, bəzi qapılar yalnız bir dəfə açılır və keçid şansımız bir dəfə olur.

Sentyabrların bizi böyütdüyü doğrudur, hətta bəziləri uşaqlığımızı da aldı. Bəziləri sevdiklərimizi həyatımıza gətirdi, bəziləri isə heç gözləmədiyimiz ayrılıqları… Elə sentyabrlar da oldu ki, o zaman fərqinə varmadıq, amma illər sonra anladıq ki, həyatımızın ən gözəl günlərindən biri imiş.

Ən qəribəsi isə odur ki, uşaqlıqda zamanın keçməsini istəyirdik. İndi isə keçmiş bir günün, bir ilin, hətta bir insanın xatirəsini geri qaytarmaq üçün zamanın dayanmasını diləyirik. Amma zaman dayanmır, öz işinə amansızca davam edir.

Bəli, sentyabr yenə gəldi. 1-i olmasa da 15-i məktəblər yenə açılacaq. Uşaqlar yenə yeni çantalarını çiyinlərinə atıb ilk dərs gününə yola düşəcəklər. Bizim illər əvvəl yaşadığımız həyəcanı da az-çox yaşayacaqlar.

Artıq nə şagirdik, nə tələbə, nə də qarşıda bizi sonsuz zaman gözləyir. Sadəcə tamaşaçı qismindəyik…Və bəlkə də ilk dəfə anlayırıq ki, sentyabrın ən gözəl tərəfi məktəbin başlaması yox, həyatın hələ qarşımızda olduğunu düşündüyümüz o illər imiş. Bəlkə də böyümək elə budur…
Heç bir sentyabr məni, səni, onu – bizi bir daha o uşağa çevirə bilməz!
leman imran
Ləman İmran
Globalinfo.az

Paylaş: