Son günlər Azərbaycanda ictimaiyyəti daha çox düşündürən və müzakirə olunan məsələlərdən biri də metroda yaşıl və qırmızı xətlərin ayrılması ilə bağlı aparılan təmir işləridir. Xüsusilə “Nizami” metrosunda düşüb “28 May” istiqamətinə getmək üçün ekspress avtobuslardan istifadə edən sərnişinlərin bu xidmətə görə əlavə ödəniş etməsi narazılıq doğurur. İctimaiyyətin əsas tələbi də ondan ibarətdir ki, heç olmasa metroda təmir işləri başa çatana qədər həmin ekspress avtobuslar ödənişsiz olsun.
Mən bu məsələyə başqa bir ölkənin nümunəsi ilə yanaşmaq istəyirəm.
Məsələn, avqustun 23-də Qazaxıstanda Qurultay (seçki) keçirilirdi. Və həmin gün, səhər saat 6-dan başlayaraq bir gün ərzində ictimai nəqliyyatdan istifadə edən vətəndaşlardan gediş haqqı alınmırdı. Yəni bir insan həmin gün avtobusdan 10 dəfə istifadə edirdisə, 10 səfərin heç birinə görə pul ödəmirdi.
Təsəvvür edin, söhbət yalnız həmin gündən getmir. Bu, Qazaxıstanda artıq bir neçə ildir tətbiq olunan yanaşmadır. Yeni il, Sevgililər Günü, 8 mart, Novruz bayramı, Konstitusiya Günü və digər xüsusi günlərdə də ictimai nəqliyyatda gediş haqqı alınmır.
İndi düşünürəm ki, bizdə niyə belə olmasın?
Heç olmaya xüsusi günlərdə vətəndaşlardan ictimai nəqliyyatda gediş haqqı alınmaya bilər. Bu, insanlara göstərilən kiçik, amma əhəmiyyətli bir diqqətdir.
Hazırda mənim daha çox maraqlandığım məsələ başqadır.
Metroda təmir işləri gedir. İnsanlar əvvəl istifadə etdikləri istiqamətdə hərəkət edə bilmirlər. “Nizami”də düşürlər və “28 May”a getmək üçün ekspress avtobusdan istifadə etməyə məcbur qalırlar.
Yəni bu, vətəndaşın öz seçimi deyil. Yaranmış vəziyyətə görə məcbur qaldığı alternativ nəqliyyatdır.
Ona görə də düşünürəm ki, metroda təmir işləri başa çatana qədər ekspress avtobuslar niyə ödənişsiz olmasın?
Vətəndaş onsuz da metrodan istifadə üçün gediş haqqı ödəyir. İndi yaranmış texniki vəziyyətə görə əlavə nəqliyyatdan istifadə etməyə məcbur qalırsa, heç olmasa bu müddət ərzində həmin ekspress avtobuslarda ödəniş tələb olunmaya bilər.
Bəlkə də deyəcəklər ki, bunun müəyyən xərci var. Əlbəttə, xərci var. Amma vətəndaş məmnuniyyətinin də bir dəyəri var.
Bəzən insanları razı salmaq üçün böyük və bahalı layihələrə ehtiyac olmur. Sadəcə insanların üzləşdiyi problemi görmək və həmin problemin onların üzərinə əlavə xərc kimi düşməsinin qarşısını almaq kifayət edir.
Qazaxıstanda hətta seçkilər keçirilən gün vətəndaşların avtobuslardan pulsuz istifadə etməsi mümkündürsə, bizdə də metroda yaranmış bu məcburi vəziyyətlə əlaqədar ekspress avtobusların müvəqqəti olaraq ödənişsiz olması niyə mümkün olmasın?
Məncə, bu məsələ ən azı müzakirə olunmağa dəyər.
Zaira Akifqızı
Globalinfo.az