Azərbaycan Prezidenti İlham Əliyev və Ermənistanın Baş naziri Nikol Paşinyanın Bişkekdə baş tutan görüşündə sülh prosesinin növbəti mərhələsi, iki ölkə arasında iqtisadi və nəqliyyat əlaqələrinin genişləndirilməsi, eləcə də “Beynəlxalq Sülh və Rifah naminə Tramp Marşrutu”nun (TRIPP) həyata keçirilməsi ilə bağlı məsələlər müzakirə olunub. Görüş Vaşinqtonda əldə olunan razılaşmaların ardınca Bakı ilə İrəvan arasında münasibətlərin normallaşması istiqamətində yeni mərhələnin əsas müzakirə mövzularından birinə çevrilib. Tərəflərin birbaşa təmasların davam etdirilməsi barədə razılığa gəlməsi də prosesin siyasi və praktiki istiqamətlərinin paralel şəkildə irəlilədiyini göstərir.
Bəs Əliyev-Paşinyan görüşündə əldə olunan razılaşmalar Azərbaycan–Ermənistan münasibətlərində hansı yeni mərhələnin başlanğıcı sayıla bilər? TRIPP-in reallaşması regiondakı siyasi və iqtisadi proseslərə necə təsir edəcək?
Globalinfo.az-a danışan deputat Rövşən Muradovun fikrincə, Bişkek görüşünü Azərbaycan–Ermənistan münasibətlərində “icra yönümlü normallaşma” mərhələsinin başlanğıcı kimi qiymətləndirmək olar:
“Vaşinqtonda siyasi-hüquqi çərçivə müəyyənləşdirilmişdisə, Bişkekdə diqqət həmin çərçivənin iqtisadi, nəqliyyat və institusional mexanizmlərə çevrilməsinə yönəlib. Görüşün əsas yeniliyi ayrıca sənədin qəbulundan daha çox, sülhün praktik məzmununun genişləndirilməsidir. Neft məhsullarının ixracı, taxıl və digər yüklərin Azərbaycan ərazisi ilə tranziti, biznes dairələri arasında təmaslar göstərir ki, münasibətlər tədricən münaqişənin idarə olunmasından qarşılıqlı faydanın idarə edilməsinə keçir. Bu dəyişiklik prosesin davamlılığını işləyən kommunikasiyalar, sabit ticarət axınları və ortaq iqtisadi maraqlarla təmin etmək cəhdi kimi dəyərləndirilə bilər”.
Deputat deyib ki, yeni mərhələnin siyasi əhəmiyyəti birbaşa dialoqun davamlı mexanizmə çevrilməsindədir:
“Sərhəd komissiyalarının fəaliyyəti hüquqi müəyyənliyi artırır, iqtisadi əlaqələr sabitliyin qorunmasında maddi maraq yaradır, parlamentarilər və vətəndaş cəmiyyəti arasındakı təmaslar isə sülhün sosial bazasını genişləndirir.
Rövşən Muradov
Beləliklə, normallaşma liderlərin siyasi iradəsinə əsaslanan proses çərçivəsini aşaraq dövlət institutlarını, sahibkarları və ictimai qrupları əhatə edən çoxsəviyyəli münasibətlər sisteminə çevrilir. TRIPP bu sistemin geoiqtisadi dayağı ola bilər. Marşrut Azərbaycanın əsas hissəsi ilə Naxçıvan arasında dayanıqlı bağlantı yaratmaqla ölkənin nəqliyyat bütövlüyünü gücləndirəcək, Ermənistan üçün isə regional və beynəlxalq bazarlara əlavə çıxış imkanları açacaq”.
R.Muradov bildirib ki, daha geniş miqyasda TRIPP Orta Dəhlizin funksionallığını artıraraq Cənubi Qafqazın Avropa ilə Asiya arasındakı tranzit mövqeyini möhkəmləndirə bilər:
“Yeni yük axınları logistika, anbar, gömrük, sığorta, enerji və xidmət sektorlarında əlavə iqtisadi fəallıq yaradacaq. Azərbaycan keçid ölkəsi statusunu aşaraq marşrutların istiqamətini və iqtisadi ekosistemini formalaşdıran əsas regional mərkəz mövqeyini gücləndirəcək. Siyasi baxımdan marşrut qarşılıqlı iqtisadi bağlılığı artıraraq gərginliyin bərpasının qiymətini yüksəldəcək. Layihənin uğuru suverenlik və yurisdiksiya prinsiplərinin qorunmasından, gömrük və təhlükəsizlik mexanizmlərinin razılaşdırılmasından, maliyyələşmə modelinin aydınlığından və davamlı siyasi iradədən asılı olacaq. Prezident İlham Əliyevin siyasəti Azərbaycanın hərbi-siyasi qələbəsini hüquqi sabitliyə, iqtisadi üstünlüyə və regional bağlantı imkanlarına çevirməyə yönəlib. Bu xətt ardıcıl icra olunarsa, Bişkek görüşü Cənubi Qafqazda əməkdaşlıq əsaslı yeni münasibətlər modelinin başlanğıcı kimi tarixə düşə bilər”.
Zaira Akifqızı
Globalinfo.az