gemi kipr 1

Şimali Kipr Türk Cümhuriyyətindən Türkiyəyə yola düşən və göyərtəsində 267 sərnişinin olduğu gəminin batması geniş müzakirələrə səbəb olub. Məlumata görə, sərnişinlərin əksəriyyəti xilas edilsə də, 8 nəfər həyatını itirib, 18 nəfərin axtarışları isə davam edir. Gəmidəki 4 Azərbaycan vətəndaşı da sahilə çıxarılıb.

Hadisənin Türkiyənin Zəfər Bayramı günündə baş verməsi isə xüsusi diqqət çəkib. Bəs bu qəzaya nə səbəb olub? Təxribat ehtimalı varmı?

Globalinfo.az-a danışan politoloq Oqtay Qasımov sərnişin gəmisinin qəzaya uğramasını faciəvi hadisə kimi qiymətləndirib:

“Türkiyədə bayram matəmə çevrildi. Sözügedən hadisənin təsadüfən, qəsdən baş verdiyini, yaxud bayram günü Türkiyəyə verilən bir mesaj olduğunu demək hələ tezdir. Hazırda araşdırmalar aparılır. Nəticələr məlum olduqdan sonra hadisənin dəqiq səbəbləri ortaya çıxacaq.

oqtay qasimov 11

Oqtay Qasımov

Yaxın Şərqdə vəziyyət kifayət qədər gərgindir. Türkiyənin həm İsraillə, həm də Yunanıstanla müəyyən gərginlikləri mövcuddur. Bu iki ölkənin Türkiyəyə qarşı ittifaqda olduğu bildirilir. Bu baxımdan, müxtəlif versiyaların mümkünlüyünü istisna etmək olmaz”.

Siyasi şərhçi Heydər Oğuz isə hadisəyə belə münasibət bildirib:

“Bu hadisənin Türkiyənin Zəfər Bayramı günündə baş verməsi müəmmalı məqamdır. Çünki Zəfər Bayramı Yunanıstana qarşı aparılan müharibənin qələbə ilə başa çatmasının ildönümüdür. Həmin müharibədə Mustafa Kamal Atatürkün rəhbərliyi ilə Türkiyə qoşunları yunan qüvvələrini Anadolu torpaqlarından, o cümlədən İzmirdən çıxarıb. Bununla da Türkiyə dövlətinin suverenliyi bərpa olunub.

heyder oguz

Heydər Oğuz

Hadisənin məhz Zəfər Bayramı günündə Kipr istiqamətində baş verməsi müəyyən suallar yaradır. Türkiyə dövləti bu hadisəni, şübhəsiz ki, ciddi şəkildə araşdıracaq.

Verilən məlumatlara görə, həmin gəmi tam olaraq Türkiyəyə məxsus deyil. Gəminin kapitanının da saxlanıldığı bildirilir. İlkin məlumatlarda qəzanın təhlükəsizlik tədbirlərinə tam əməl olunmaması və sərnişinlərin etirazlarına baxmayaraq gəminin hərəkətə gətirilməsi ilə bağlı ola biləcəyi qeyd edilir. Bununla yanaşı, təxribat ehtimalını da tamamilə istisna etmək olmaz”.

Safura Bənnayeva
Globalinfo.az

Paylaş: