Prezidentin bu sözləri erməniləri seçim qarşısında qoyur – Şərh

Prezident İlham Əliyev Nizami Gəncəvi Beynəlxalq Mərkəzinin təşkilatçılığı ilə martın 9-da “Dünya bu gün: Çağırışlar və ümidlər” mövzusunda X Qlobal Bakı Forumunda çıxışı zamanı Ermənistan ilə bağlı bir çox məqamlara toxundu. Ölkə başçısı çıxışı zamanı xüsusilə rəsmi İrəvanın dəstəklədiyi separatçıları hədəfə alaraq sülhə maraqlı olmayacaqları təqdirdə onları nələrin gözlədiyini açıq şəkildə dedi.

Maraqlıdır, ölkə başçısının forumda çıxışı zamanı dedikləri regionda prosesləri bu və ya başqa formada dəyişə biləcək? Rəsmi İrəvan separatçılara dəstəyini kəsib sülhün əldə edilməsi üçün konstruktiv addımlar atacaq?

Mövzu ilə bağlı Globalinfo.az-a danışan millət vəkili Hikmət Babaoğlu deyib ki, Prezident İlham Əliyevin X Qlobal Bakı Forumundakı çıxışı həm çoxşaxəli, həm də uzaqgörən xarakterli idi:

“Prezident İlham Əliyev çıxışı zamanı miqrasiya, qida, hərbi-siyasi, humanitar təhlükəsizlik ilə bağlı bir çox aktual məsələlərə toxundu. Ölkə başçısı yeni beynəlxalq sistemdə Cənubi Qafqazın, Azərbaycanın yeri barədə fikirlər səsləndirdi.

Azərbaycan Prezidenti dünyanın gələcəyində ölkəmizin yerinin necə olacağının mesajını verdi. Bu hər şeydən öncə əməkdaşlıq, etibarlı tərəfdaşlıq, sülh, Avropa ilə inteqrasiya prinsiplərini özündə əks etdirən fikirlər idi.

Amma şübhəsiz ki, təhlükəsiz dünya üçün hər şeydən öncə sülh lazımdır. Regionumuzda isə sülhə başlıca maneə Ermənistandır. Rəsmi İrəvan regionda sülhün olmasını istəmir. Xüsusilə öz destruktiv mövqeyi ilə regionumuza imperialist, neokolonyalist maraqları olan ölkələri cəlb edir.

Azərbaycan Prezidenti də məsələni çox konkret, qətiyyətli, həm də beynəlxalq hüquqa əsaslanan formada aktuallaşırdı. Prezidentin ermənilər qarşısında qoyduğu məntiq çox sadədir: Ya ermənilər qanunlarımıza tabe olacaq öz təhlükəsizliyini konstitusiyamızda görəcək, ya da Azərbaycanda yaşaya bilməyəcəklər.

Düşünürəm ki, 360-dan çox ölkənin nümayəndəsinin iştirak etdiyi platformada prezidentin belə mesaj verməsi həm də beynəlxalq ictimaiyyətə verilən bir mesaj idi ki, Azərbaycanın ərazi bütövlüyü hər şeydən üstündür”.

Turan Rzayev
Globalinfo.az