Sebnem tovuzlu 1321 900x597 1

Müğənni Şəbnəm Tovuzlunun səhhəti ilə bağlı açıqlaması sosial mediada müzakirələrə səbəb olub. Belə ki, o, tez-tez təyyarə ilə səyahət etdiyi üçün orqanizmində dəmir səviyyəsinin azaldığını və bununla bağlı müalicə aldığını bildirib.

Təyyarə ilə səfər həqiqətən də orqanizmdə dəmirin azalmasına səbəb ola bilərmi? Dəmir çatışmazlığı hansı hallarda yaranır?

Globalinfo.az-a danışan funksional tibb mütəxəssisi, terapevt Sevinc Musayeva deyib ki, təyyarə ilə uçuşun sağlam insanda birbaşa dəmir çatışmazlığı yaratdığına dair elmi sübut yoxdur:

“Uçuş zamanı kabin təzyiqinin azalması səbəbindən qanda oksigen səviyyəsi müəyyən qədər aşağı düşür. Buna görə əvvəlcədən dəmir çatışmazlığı və ya anemiyası olan şəxslərdə halsızlıq, başgicəllənmə, ürəkdöyünmə və nəfəs darlığı daha çox hiss edilə bilər. Lakin bu, uçuş zamanı orqanizmdən dəmir itirilməsi demək deyil”.

Terapevt bildirib ki, dəmir çatışmazlığının əsas səbəbləri qan itkisi, qida ilə dəmirin kifayət qədər qəbul olunmaması yaxud bağırsaqlardan sorulmanın pozulmasıdır:

“Çox və uzunmüddətli menstruasiya, mədə-bağırsaq qanaxmaları, hamiləlik, südvermə, balanssız qidalanma, çölyak və bəzi mədə-bağırsaq xəstəlikləri də buna səbəb ola bilər. Yəni tez-tez təyyarədə uçan şəxsdə ferritin aşağıdırsa, səbəbi birbaşa uçuşda deyil, bu amillərdə axtarmaq daha doğrudur”.

Ləman İmran
Globalinfo.az

Paylaş: