Prezident İlham Əliyevin Qırğızıstanın paytaxtı Bişkekdə keçirilən Şanxay Əməkdaşlıq Təşkilatının (ŞƏT) 25 illik yubiley sammitində iştirakı Bakının son illərdə Şərq və Qərb arasında həyata keçirdiyi çoxvektorlu diplomatiyanın daha bir mühüm göstəricisidir. Azərbaycan eyni vaxtda ABŞ və Avropa ilə strateji tərəfdaşlığını inkişaf etdirir, Çinlə iqtisadi və nəqliyyat əlaqələrini genişləndirir, Türkiyə və Türk dünyası ilə müttəfiqlik münasibətlərini dərinləşdirir, Pakistanla strateji əməkdaşlığı gücləndirir, həmçinin İsraillə münasibətlərini davam etdirir.
Bu mənzərədə ŞƏT də Azərbaycanın xarici siyasətində hər hansı digər istiqamətin alternativi deyil, Bakının müxtəlif güc mərkəzləri ilə paralel əməkdaşlıq siyasətinin mühüm platformalarından biri kimi çıxış edir.
Globalinfo.az-a danışan deputat Hikmət Babaoğlu bildirib ki, avqustun 31-dən sentyabrın 1-dək Qırğızıstanın paytaxtı Bişkekdə ŞƏT-in sammiti keçiriləcək və Azərbaycan təşkilatın dialoq tərəfdaşı kimi tədbirdə iştirak edəcək:
“ŞƏT-in geosiyasi çəkisi son illərdə əhəmiyyətli dərəcədə artıb. ŞƏT əslində qlobal Cənubun mühüm təmsilçilərindən biri olan Çinin təşəbbüsü və Hindistanın dəstəyi ilə yaradılıb. Hazırda isə 10 böyük üzv dövlətin iştirakı ilə artıq yalnız qlobal Cənubu deyil, bütövlükdə Avrasiyanı əhatə edən mühüm əməkdaşlıq platformasına çevrilib. Bu əməkdaşlıq formatı hər keçən gün daha perspektivli və geniş imkanlara malik təşkilata çevrilir. Çünki ŞƏT Cənub-Şərqi və Mərkəzi Asiyadan Avropaya qədər uzanan böyük coğrafiyanı əhatə edir.
Burada iki əsas istiqamətdən biri məhz Azərbaycan üzərindən Avropaya uzanan xəttdir. Hesab edirəm ki, ən perspektivli prioritetlərdən biri də bu marşrutdur.
Azərbaycan 2015-ci ildə ŞƏT-ə dialoq tərəfdaşı kimi qəbul edilib. Hazırda isə əməkdaşlığın daha da irəli aparılması üçün yeni imkanlar yaranıb. 2025-ci ildə bu imkanların bir qismi real deyildi. Həmin dövrdə Trans-Xəzər marşrutu ilə bağlı perspektivlər indiki qədər aydın görünmürdü. Bu gün isə mühüm tranzit-kommunikasiya layihələrinin reallaşmasına artıq aylar qalıb.

Hikmət Babaoğlu
Ona görə də Avropa ilə Cənub arasındakı əməkdaşlıq marşrutlarının dəyişdiyini nəzərə alsaq, ŞƏT üçün Azərbaycanın coğrafiyasının tarixi və strateji əhəmiyyətinin yenidən ön plana çıxdığını görmək mümkündür.
Bu günə qədər formalaşmış bəzi daşıma yolları ciddi təhlükələrlə üz-üzədir. Çünki müxtəlif bölgələrdə müharibələr və qarşıdurmalar davam edir. Eyni zamanda, Tramp administrasiyası dövründə şimal istiqamətində mümkün marşrutlarla bağlı müəyyən razılaşmaların gündəmdən çıxması da yeni nəqliyyat alternativlərinin aktuallığını artırıb.
Əvvəllər Çin başda olmaqla qlobal Cənub üçün buzların əriməsi nəticəsində yarana biləcək yeni şimal koridorları vasitəsilə daha qısa marşrutlardan istifadə imkanları müzakirə olunurdu. Hazırda isə bu perspektiv əvvəlki qədər real görünmür. Belə bir şəraitdə Azərbaycanın əhəmiyyəti bir daha özünü göstərir”.
Turan Rzayev
Globalinfo.az