Şanxay Əməkdaşlıq Təşkilatının (ŞƏT) Bişkekdə keçiriləcək sammiti Azərbaycanın təşkilatla münasibətlərinin inkişafı baxımından da diqqət çəkir. Son illərdə Azərbaycan-ŞƏT əlaqələrində siyasi və iqtisadi əməkdaşlığın genişləndirilməsi istiqamətində yeni addımlar atılıb.
Azərbaycan-ŞƏT münasibətlərində yaranan yeni siyasi dinamika nədən ibarətdir və bu əlaqələr necə inkişaf edib?
Globalinfo.az-a danışan deputat Aydın Mirzəzadə deyib ki, Azərbaycanın ŞƏT və ora daxil olan ölkələrlə ikitərəfli əlaqələri kifayət qədər sıxdır:
“Bu baxımdan, ölkəmizin həmin sammitdə iştirakı bu əlaqələri daha da möhkəmləndirməyə imkan verir. Çünki bu gün həmin təşkilat regional iqtisadi qurum olmaqla yanaşı, həm regional, həm də qlobal məsələlərin müzakirə edildiyi mühüm bir platformaya çevrilib. Dünyanın aparıcı ölkələrinin əhəmiyyətli bir hissəsi həmin tədbirdə iştirak edəcək. İnanıram ki, bu sammit bir çox məsələlərə yeni baxış bucağının formalaşmasına imkan verəcək. Bu tədbirdə iştirakımız həm Azərbaycanla Şərq ölkələri arasındakı münasibətlərin, həm də ikitərəfli əlaqələrin daha da möhkəmləndirilməsinə şərait yaradacaq”.

Aydın Mirzəzadə
Deputat bildirib ki, təşkilata daxil olan ölkələrin böyük əksəriyyəti ilə Azərbaycanın həm siyasi, həm də iqtisadi münasibətləri kifayət qədər sıxdır:
“Cənab Prezidentimizin bu tədbirdə iştirakı mövcud münasibətlərin daha da gücləndirilməsinə, eyni zamanda yalnız diplomatik əlaqələrimizin olduğu ölkələrlə əməkdaşlığın yeni istiqamətlərinin müəyyənləşdirilməsinə imkan verəcək. Çünki Azərbaycan-ŞƏT münasibətlərində son dövrdə nəzərəçarpacaq siyasi dinamika müşahidə olunur. Azərbaycan bu platforma ilə əməkdaşlığı həm regional təhlükəsizlik, həm də iqtisadi və nəqliyyat əlaqələrinin inkişafı baxımından vacib hesab edir. ŞƏT-in aparıcı dövlətləri ilə Azərbaycanın ikitərəfli münasibətlərinin yüksək səviyyədə olması bu əməkdaşlığın genişlənməsi üçün əlavə imkanlar yaradır. Hesab edirəm ki, qarşıdakı dövrdə bu əlaqələr daha da intensivləşəcək və ölkəmizin regional mövqelərinin möhkəmlənməsinə xidmət edəcək”.
Ləman İmran
Globalinfo.az