Xəzər dənizində suyun səviyyəsinin azalması artıq onun sahillərində və akvatoriyasında ciddi dəyişikliklərə səbəb olur. Belə ki, Xəzərin Qazaxıstan hissəsində suyun çəkilməsi nəticəsində yeni ada yaranıb, eyni zamanda dayazlaşma dəniz nəqliyyatına da təsir göstərir, limanlarda suyun səviyyəsi azalır, gəmilər və tankerlərin hərəkəti çətinləşir.
Mütəxəssislər bu prosesin getdikcə daha ciddi xarakter aldığını bildirir və problemin qarşısının alınması üçün müxtəlif təkliflər irəli sürülür. İş adamı Musa Süleymanov bu istiqamətdə Qara dənizdən Xəzərə tunellər vasitəsilə su gətirilməsi ideyasını irəli sürüb. O hesab edir ki, belə bir layihənin həyata keçirilməsi Xəzərin su balansının bərpasına və dənizin xilas edilməsinə kömək edə bilər.
Xəzəri bu yolla xilas etmək nə dərəcədə realdır? Başqa hansı üsullara əl atmaq olar?
Globalinfo.az-a danışan biomüxtəliflik üzrə ekspert, ekoloq Arzu Mustafayev deyib ki, qətiyyən belə bir şey mümkün deyil:
“Çünki iki dəniz arasında kifayət qədər böyük məsafə var və hər birinin özünəməxsus ekosistemi formalaşıb. Bunları hansısa parametrlərə və ya müəyyən bir xəttə görə müqayisə etmək düzgün yanaşma deyil. Xüsusilə də söhbət Xəzər dənizinə su gətirilməsindən gedirsə, məsələyə yalnız emosional yanaşmaq olmaz. Bunun iqtisadi, ekoloji tərəfi, eyni zamanda gələcəkdə yarada biləcəyi fəsadlar var. Qara dənizin təxminən 180 metr dərinliyindən aşağı hissəsində hidrogen-sulfid qatının olduğu məlumdur. Bu maddənin atmosfer havası ilə təması ciddi ekoloji və təhlükəsizlik riskləri yarada bilər. Həmin ərazidə canlılığın da məhdud olduğu məlumdur. Qara dənizin bu xüsusiyyətlərini ətraf ölkələrdə yaşayan insanlar və alimlər yaxşı bilirlər”.

Arzu Mustafayev
Ekoloq bildirib ki, belə həssas bir ekosistemə hansısa müdaxilənin edilməsi ciddi risklər yaradar:
“Ona görə də bu ideyanı ekoloji, iqtisadi və elmi baxımdan əsaslandırmadan müzakirə etmək doğru deyil. Digər tərəfdən, Xəzərin taleyi də kifayət qədər mürəkkəb məsələdir. Xəzər qapalı su hövzəsidir, onun səviyyəsinə iqlim dəyişiklikləri, tektonik proseslər və antropogen təsirlər də daxil olmaqla bir sıra amillər təsir göstərir. Bu səbəbdən onun gələcəkdə hansı istiqamətdə dəyişəcəyini dəqiq proqnozlaşdırmaq asan deyil”.
Onun sözlərinə görə, son yüz ilin proseslərini təhlil etməklə müəyyən tendensiyalar haqqında fikir yürütmək mümkündür:
“Hazırda ümumi tendensiya Xəzərin səviyyəsinin aşağı düşməsi istiqamətindədir. Lakin bu prosesin həmişə eyni xətt üzrə davam edəcəyini söyləmək olmaz. Müəyyən dövrlərdə səviyyə sabitləşə, hətta arta da bilər. Çünki söhbət qapalı su hövzəsindən gedir və burada çoxsaylı təbii amillər bir-biri ilə qarşılıqlı təsirdədir. Bu baxımdan, Xəzərin səviyyəsinin dəyişməsi ilə bağlı konkret və uzunmüddətli proqnoz vermək çətindir. Amma kənar su hövzəsindən Xəzərə su gətirilməsi məsələsinə gəlincə, bunu sadə və real həll yolu kimi təqdim etmək, məncə, elmi və ekoloji baxımdan əsaslandırılmış yanaşma deyil”.
Ləman İmran
Globalinfo.az