Amerika Birləşmiş Ştatlarının Azərbaycan Respublikasındakı müvəqqəti işlər vəkili Emi Karlon Azərbaycan Respublikasının Birinci vitse-prezidenti Mehriban Əliyevaya təbrik məktubu ünvanlayıb.
Globalinfo.az AZƏRTAC-a istinadən xəbər verir ki, məktubda deyilir:
“Xanım Birinci vitse-prezident.
Doğum gününüz münasibətilə Sizə Amerika Birləşmiş Ştatları adından səmimi təbriklərimi və ən xoş arzularımı çatdırıram.
Keçən il biz Amerika Birləşmiş Ştatları və Azərbaycan arasında əməkdaşlığın ölkələrimizin diplomatik münasibətlərinin qurulmasından etibarən ən yüksək səviyyəyə çatmasının şahidi olduq.
Prezident Donald Tramp tərəfindən 2025-ci ilin avqust ayında Ağ Evdə keçirilən Sammit üç onillik ərzində davam edən münaqişədən sonra regionda davamlı sülhün əsasını qoydu və ikitərəfli əlaqələrimizdə yeni dövrə doğru ilk addım oldu. O vaxtdan bəri biz ABŞ-Azərbaycan əlaqələrini fevral ayında Bakıda Vitse-prezident Cey. Di. Vensin və Prezident İlham Əliyevin imzaladıqları Xartiya ilə strateji tərəfdaşlığa yüksəltmişik. Vitse-prezident Cey. Di. Vens və Prezident İlham Əliyevlə birlikdə Sizinlə həmin tarixi gündə tədbirdə iştirak etmək mənim diplomatik karyeramın artıq ən xoş xatirələrindən biridir.
Amerika Birləşmiş Ştatları və Azərbaycan arasında ticarət, mədəniyyət, təhsil və təhlükəsizlik əlaqələrinin inkişaf etməsinə çalışdığımız bir vaxtda keçən il ərzində hər iki istiqamətdə yüksəksəviyyəli rəsmilərin misli görünməmiş sayda səfərlərinin şahidi olduq.
Ölkələrimizin qarşılıqlı faydası naminə ABŞ-Azərbaycan münasibətlərinin möhkəmləndirilməsi istiqamətində birgə əhəmiyyətli fəaliyyətimizin davam edəcəyinə ümidvaram. Bir daha Sizə və ailənizə qarşıdan gələn illərdə cansağlığı və xoşbəxtlik arzulayıram”.