Ukrayna müharibəsinin Rusiyanı dalana dirədiyi hər gün daha aydın görünür. İqtisadi çətinliklər, sanksiyalar və Ukraynanın dron hücumları Rusiyanın nəfəsini kəsir. Qərbin təzyiqi də səngimir.
ABŞ Mərkəzi Kəşfiyyat İdarəsinin (MKİ) direktoru Con Retkliffin Moskvaya səfəri də xüsusi diqqət çəkir. Onun səfərinin pərdəarxası məqamları ilə bağlı beynəlxalq və yerli mediada müxtəlif ehtimallar yayılır.
1999-cu il dekabrın 30-da Rusiya Prezidenti Boris Yeltsin xalqa müraciət edərək hakimiyyətdən getdiyini açıqladı. Yeltsin hakimiyyəti həmin vaxt baş nazir olan Vladimir Putinə həvalə etdi. O zaman Yeltsinin bu addımının Qərblə razılaşdırıldığına dair iddialar səslənirdi. Kreml həmin dövrdə də Çeçenistanla müharibə aparırdı. Bu üzücü müharibə Kremli xeyli yormuşdu.
Bəs artan təzyiqlər Putini qəfil istefaya məcbur edə bilərmi? Rusiya ətrafında baş verənlər Putin üçün də belə siyasi aqibət vəd edir? Putin ölkəsini xilas etmək naminə özünü fəda edərmi?
Globalinfo.az-a danışan politoloq Oqtay Qasımov deyib ki, Rusiyada hazırda hakimiyyət dəyişikliyi real görünmür:
“Bugünkü vəziyyəti Rusiyanın 1999-cu ildəki vəziyyəti ilə müqayisə etmək doğru olmazdı. Həmin vaxt Rusiya həm Çeçenistan savaşından məğlub çıxmışdı, həm də ölkə ağır iqtisadi böhran içində idi. Ölkə iqtisadiyyatı defolt vəziyyətinə düşmüş, ard-arda baş nazir dəyişiklikləri baş vermişdi. 1999-cu ilin avqustunda prezident Boris Yeltsin o zaman Federal Təhlükəsizlik Xidmətinin (FSB) rəhbəri olan Vladimir Putini baş nazir təyin etdi. Ardınca 5 aylıq əməliyyatlardan sonra Putinin mövqeyinin güclənməsi ilə Yeltsin hakimiyyəti ona ötürdü.

Oqtay Qasımov
Bu gün Rusiya Ukrayna ilə müharibədədir. Gözlənilən nəticələr əldə olunmayıb. Rusiya iqtisadi sanksiyalarla üzləşir. Ukraynanın endirdiyi zərbələrə görə kifayət qədər çətin günlər keçirir. Rusiya siyasi elitasında Putinlə bağlı müəyyən tərəddüdlər var. Qarşıdakı bir neçə ayda hakimiyyət dəyişikliyi real deyil. Amma Ukraynanın Rusiyaya təzyiqi artar və vəziyyət pisləşərsə, hakim elitanın içərisindən Putinin istefaya göndərilməsi ilə bağlı müəyyən addımlar atıla bilər”.
Turan Rzayev
Globalinfo.az