Azərbaycan ordusunun Xankəndi-Turşsu-Xəlfəli yoluna nəzarəti bərpa etməsi Ermənistan ictimaiyyətində birmənalı qarşılanmayıb. Xüsusilə Qarabağ erməniləri bunun Bakı-İrəvan arasında hansısa razılaşmaya əsasən həyata keçirildiyini iddia edirlər.
Globalinfo.az xəbər verir ki, bu barədə erməni KİV yazıb.
Paşinyanın son çıxışlarında Azərbaycana qarşı sərt ittihamlar səsləndirməsi ilə yanaşı sülh mesajları verdiyi vurğulanır.
Hətta 2022-ci ilin oktyabrında Azərbaycan, Ermənistan, Fransa liderləri və Avropa İttifaqı Şurasının Prezidentinin iştirakı ilə keçirilən dördtərəfli görüşdə Bakı və İrəvanın əldə etdiyi razılaşamaya uyğun olaraq Qarabağın Azərbaycanın bir hissəsi kimi de-yure tanına biləcəyi iddia olunur.
Erməni mediası yazır ki, Qarabağ erməniləri yaxın zamanlarda sülh müqaviləsinin imzalanacağını, onların bir qisminin İrəvana köçürülməsi üçün də tədbirlərin planlaşdırıldığını düşünürlər:
“Həm Azərbaycan, həm də Ermənistan ortaq qərara gələcəyi, razılaşacağı təqdirdə isə Rusiyanın bölgədən sülhməramlı qüvvələrini geri çəkməkdən başqa çarəsi qalmayacaq”.
Qeyd edək ki, bir neçə gün öncə rus sülhməramlılarının dəstəyi ilə separatçı rejimin Qarabağa silah və canlı qüvvə daşımaq üçün istifadə etdiyi Xankəndi-Turşsu-Xəlfəli torpaq yoluna Azərbaycan ordusu nəzarəti bərpa edib. Əməliyyat bir güllə atılmadan təşkil edilib və erməni silahlıları mövqelərini tərk ediblər. Daha əvvəllər olduğu kimi, bu əməliyyat da Azərbaycanın azad iradəsi ilə həyata keçirilib.
Ayşən Mustafa
Globalinfo.az














