6a7c7f524fa136a7c7f524fa1417865439546a7c7f524fa116a7c7f524fa12 15

Avqustun 11-də Prezident İlham Əliyevin Naxçıvana səfəri muxtar respublikanın gələcək inkişafı baxımından mühüm siyasi və iqtisadi mesajlarla yadda qaldı. Prezident kimi Naxçıvana 17-ci səfər çərçivəsində bir sıra obyektlərin açılışının və yeni layihələrin təməlinin qoyulmasının, hərbi hissələrə döyüş bayraqlarının təqdim edilməsinin, tarixi abidələrə baxışın və geniş müsahibənin eyni səfərdə birləşməsi təsadüfi görünmür. Bu yanaşma Naxçıvanın inkişafına yalnız sosial və ya infrastruktur məsələsi kimi deyil, təhlükəsizlik, iqtisadiyyat, enerji, nəqliyyat və regional inteqrasiyanın birlikdə nəzərdən keçirildiyi uzunmüddətli strategiya kimi baxıldığını göstərir.

Səfərin ən mühüm tərəflərindən biri Naxçıvanın Qarabağ və Şərqi Zəngəzurla vahid inkişaf məntiqi daxilində nəzərdən keçirilməsidir. Bu yanaşma ilk növbədə coğrafi amillə bağlıdır. Zəngilanla Ordubad arasında məsafənin cəmi 42 kilometr olması gələcəkdə bu ərazilərin nəqliyyat, enerji, logistika və iqtisadi baxımdan bir-birini tamamlayan vahid məkan kimi formalaşdırılması üçün ciddi imkan yaradır. Qarabağ və Şərqi Zəngəzurda tətbiq olunan yeni şəhərsalma, sənayeləşmə, infrastruktur və investisiya modellərinin Naxçıvanda da istifadə edilməsi regionların inkişafında paralel və əlaqələndirilmiş siyasət aparmağa imkan verə bilər.

Naxçıvan Sənaye Parkının yaradılması bu strategiyanın iqtisadi baxımdan ən konkret elementlərindən biridir. 310 hektar ərazidə formalaşdırılacaq parkın enerji, qaz, su, rabitə və digər istehsal infrastrukturu ilə təmin edilməsi sahibkar üçün əsas xərcləri azaltmağa və investisiya mühitini yaxşılaşdırmağa xidmət edə bilər. Azərbaycanın digər sənaye parklarının nəticələri də bu modelin potensialını göstərir. Artıq ölkə üzrə sənaye parklarının rezidentləri tərəfindən milyardlarla manat investisiya yatırılıb, minlərlə yeni iş yeri yaradılıb və əhəmiyyətli ixrac imkanları formalaşıb. Lakin Naxçıvan üçün əsas məsələ parkın sadəcə istehsal müəssisələrinin toplandığı əraziyə çevrilməməsidir. Burada Naxçıvanın coğrafi üstünlüklərinə uyğun, ixrac potensialı olan və Türkiyə, İran və gələcəkdə regionun digər bazarlarına çıxa biləcək məhsulların istehsalına üstünlük verilməsi daha məqsədəuyğun olardı.

Naxçıvan iqtisadiyyatının uzun illər əsas xüsusiyyətlərindən biri məhdud daxili bazar və yüksək nəqliyyat xərcləri olub. Bu iki amil aradan qalxmadan sənaye istehsalının böyük miqyasda genişlənməsi çətin idi. Zəngəzur dəhlizi və digər nəqliyyat layihələri məhz bu baxımdan həlledici əhəmiyyət daşıyır. Əsas ərazi ilə fasiləsiz quru əlaqəsinin yaranması Naxçıvanı Azərbaycanın digər bölgələrinə bağlamaqla yanaşı, Türkiyə və daha geniş Avropa-Asiya nəqliyyat sisteminə inteqrasiyanı sürətləndirə bilər. Bu zaman Naxçıvanın yalnız istehlak bazarı deyil, tranzit, logistika və istehsal məntəqəsi kimi əhəmiyyəti arta bilər

Dəhlizin açılması Naxçıvan üçün avtomatik iqtisadi sıçrayış demək deyil. Əsas məsələ yaranacaq nəqliyyat imkanlarından hansı iqtisadi model üzrə istifadə olunacağıdır. Əgər regionda logistika mərkəzləri, anbar kompleksləri, gömrük və yükdaşıma infrastrukturu, sənaye müəssisələri və ixracyönümlü istehsal formalaşarsa, nəqliyyat bağlantısı real iqtisadi dəyərə çevriləcək. Əks halda yolun açılması əsasən tranzit imkanlarının artması ilə məhdudlaşa bilər. Buna görə də nəqliyyat layihələri ilə sənaye və investisiya siyasətinin paralel aparılması vacibdir.

Enerji məsələsi də Naxçıvanın iqtisadi gələcəyi üçün xüsusi əhəmiyyət daşıyır. Muxtar respublikanın Azərbaycanın əsas hissəsi ilə birbaşa quru bağlantısının olmaması enerji təminatını strateji məsələyə çevirib. İlk mərhələdə 100 meqavatlıq batareya enerji saxlanc qurğusunun yaradılması, Günəş Elektrik stansiyalarının inkişaf etdirilməsi və gələcəkdə əsas ərazidən Naxçıvana elektrik xəttinin çəkilməsi layihəsi enerji dayanıqlığını gücləndirə bilər. Bərpaolunan enerji imkanlarının genişləndirilməsi isə təkcə enerji təhlükəsizliyi deyil, gələcəkdə sənaye müəssisələrinin daha sabit və rəqabətqabiliyyətli enerji təminatı baxımından da əhəmiyyətlidir.

Naxçıvanın inkişafında şəhərsalma siyasəti də iqtisadi strategiyanın bir hissəsi kimi qiymətləndirilməlidir. Şəhərin 2044-cü ilədək Baş Planının hazırlanması regionun gələcək inkişafına uzunmüddətli baxışın formalaşdırıldığını göstərir. 2026-2027-ci illərdə enerji, yollar, sosial obyektlər, mənzil və istilik təsərrüfatına 258 milyon manat vəsaitin ayrılması isə bu planların mərhələli şəkildə reallaşdırılmasına imkan verə bilər. Lakin şəhərsalma yalnız yeni binaların tikintisi kimi başa düşülməməlidir. Əsas məqsəd insanların işlədiyi, gəlir əldə etdiyi, xidmətlərdən yararlandığı və biznesin fəaliyyət göstərdiyi canlı iqtisadi şəhər mühiti yaratmaq olmalıdır.

Turizm də Naxçıvan üçün hələ tam istifadə olunmamış imkanlardan biridir. Muxtar respublikanın tarixi abidələri, təbii landşaftı, mineral suları və qədim yaşayış məskənləri xarici və daxili turistlər üçün ciddi potensial yaradır. Lakin turizmin inkişafı üçün təkcə abidələrin mövcudluğu kifayət etmir. Müasir hotellər, nəqliyyat, turizm marşrutları, xidmət keyfiyyəti, rəqəmsal tanıtım və özəl sektorun iştirakı vacibdir. “Naxçıvan” Mehmanxana Kompleksinin təməlinin qoyulması bu baxımdan müsbət addımdır. Gələcəkdə turizm infrastrukturu genişləndikcə Naxçıvan üçün əlavə xidmət və məşğulluq imkanları yarana bilər.

Bütün bu layihələrin fonunda ən mühüm məsələlərdən biri Naxçıvan iqtisadiyyatının dövlət maliyyəsindən asılılığının tədricən azaldılmasıdır. Son illərdə regionda infrastruktur və tikinti layihələrinin mühüm hissəsi dövlət vəsaiti hesabına həyata keçirilib. Bu, müəyyən mərhələdə zəruri olsa da, uzunmüddətli perspektivdə dayanıqlı iqtisadiyyat yalnız büdcə investisiyaları ilə qurula bilməz. Sənaye müəssisələri, özəl investisiya, ixrac, turizm, logistika və xidmət sektorları iqtisadi fəallığın əsas mənbələrinə çevrilməlidir. Əsas məqsəd dövlətin iqtisadiyyata daim vəsait köçürdüyü modeldən dövlətin ilkin şəraiti yaratdığı, özəl sektorun isə əlavə dəyər və məşğulluq yaratdığı modelə keçməkdir.

Bu baxımdan Prezidentin səfərinin əsas iqtisadi mesajını Naxçıvanın “subsidiyadan istehsala”, “qapalı bazardan regional bazara” və “periferiyadan tranzit mərkəzinə” çevrilməsi cəhdi kimi qiymətləndirmək olar. Qarşıdakı mərhələdə uğurun əsas göstəricisi tikilən obyektlərin sayı deyil, həmin obyektlərin nə qədər yeni iş yeri yaratması, nə qədər özəl kapital cəlb etməsi, nə qədər məhsul istehsal və ixrac etməsi olacaq.
Naxçıvanın qarşısında indi ciddi imkanlarla yanaşı, ciddi çağırışlar da var. Dəhlizin reallaşması, enerji layihələrinin tamamlanması və sənaye parkının fəaliyyətə başlaması üçüncü tərəfdən iqtisadi fəallığın artmasına şərait yarada bilər. Amma bunun üçün investora real üstünlüklər təqdim edilməli, bürokratik prosedurlar minimuma endirilməli, kadr hazırlığı gücləndirilməli və istehsal olunan məhsulların xarici bazarlara çıxışı təmin edilməlidir.

Nəticə etibarilə, avqustun 11-dəki səfəri Naxçıvan üçün ayrı-ayrı obyektlərin açılışından daha geniş məna daşıyır. Burada təhlükəsizliklə iqtisadi inkişaf, nəqliyyatla sənaye, enerji ilə investisiya, şəhərsalma ilə turizm bir-birini tamamlayan vahid modelin elementləri kimi çıxış edir. Strategiyanın real nəticəsi isə əsas ərazi ilə bağlantının yaranmasından sonra Naxçıvanın bu yeni imkanları nə dərəcədə iqtisadi gəlirə çevirə bilməsindən asılı olacaq. Əgər dəhliz, sənaye, enerji, logistika və turizm layihələri vahid iqtisadi siyasət çərçivəsində əlaqələndirilərsə, Naxçıvanın Azərbaycanın ən sürətlə dəyişən regional iqtisadi mərkəzlərindən birinə çevrilməsi kifayət qədər real görünür.

Akif Nəsirli
Globalinfo.az

Paylaş: