Azərbaycanda mənzilə ehtiyacı olan insanların, o cümlədən evsizlərin sayının artması fonunda ölkədə mənzil tikintisinin həcmi və tikinti sektorunun vəziyyəti diqqət çəkir. 2025-ci ildə Azərbaycanda 4,6 milyon kvadratmetrdən çox yaşayış sahəsi tikilib. Lakin 2026-cı ilin ilk yarısında tikinti sektorunda 9,4 faiz geriləmə qeydə alınıb.
Tikinti sektorundakı geriləmə mənzil problemini və evsizliyin artmasını daha da dərinləşdirə bilərmi? Çıxış yolu nədir?
Globalinfo.az-a danışan iqtisadçı Vahid Əhmədov deyib ki, Azərbaycanda mənzilə olan ehtiyac kifayət qədər yüksəkdir:
“Bununla yanaşı, hər il dövlət proqramları çərçivəsində, eləcə də özəl sektor tərəfindən ciddi tikinti işləri həyata keçirilir. Son dövrdə, xüsusilə 2025-ci illə müqayisədə 2026-cı ildə tikinti sahəsində müəyyən azalmanın baş verməsinin əsas səbəblərindən biri böyük şəhərlərdə tikinti imkanlarının müəyyən qədər məhdudlaşmasıdır. Rayonlarda da müxtəlif səbəblərdən tikinti işlərinin əvvəlki səviyyədə aparılmadığını müşahidə edirik. Hazırda tikinti sahəsində 14 faizlik artımın qeydə alınması, əlbəttə, kifayət qədər böyük göstəricidir”.
V.Əhmədov bildirib ki, son vaxtlar dövlət tərəfindən Bakı şəhərinin Baş Planının icrası istiqamətində ciddi işlər görülür:
“Paytaxtın bir sıra rayonlarında köhnə binaların və mənzillərin yerində müasir, insanların tələblərinə cavab verən yeni binalar inşa edilir. Lakin bu məsələdə rayonlarla bağlı problemlər qalmaqdadır. Bölgələrdə tikinti şirkətlərinin sayı kifayət qədər deyil, özəl sektorun tikinti sahəsində fəallığı da aşağıdır. Bu isə müəyyən çətinliklərin yaranmasına səbəb olur”.

Vahid Əhmədov
Vahid Əhmədov qeyd edib ki, digər mühüm məsələ kredit faizləri ilə bağlıdır:
“Kredit faizlərinin yüksək olması, eləcə də problemli və vaxtı keçmiş kreditlərin həcminin artması tikinti və mənzil bazarına da təsir göstərir. Müəyyən layihələrin maliyyələşdirilməsi ilə bağlı problemlər yarandığından onların həyata keçirilməsi uzanır. Bununla belə, dövlət tərəfindən mənzil tikintisi və əhalinin mənzillə təmin olunması istiqamətində kifayət qədər işlər görülür. Xüsusilə ehtiyacı olan insanların mənzillə təmin edilməsi daim diqqət mərkəzində saxlanılır. Müxtəlif dövlət qurumları tərəfindən bu istiqamətdə layihələr həyata keçirilir və vəsaitlər ayrılır”.
İqtisadçının fikrincə, diqqət daha çox rayonlara və bölgələrə yönəldilməlidir:
“Çünki bölgələrdə mənzil qıtlığı ilə yanaşı, iş yerlərinin azlığı da insanların böyük şəhərlərə köçməsinə səbəb olur. Bu baxımdan regionlarda yaşayış imkanlarının genişləndirilməsi, o cümlədən daha çox mənzilin tikilməsi üçün şərait yaradılması vacibdir. Eyni zamanda, tikinti sahəsində mövcud olan müəyyən inzibati və hüquqi baryerlər də aradan qaldırılmalıdır. Bunun üçün Mənzil Məcəlləsinə müvafiq dəyişikliklərin edilməsi məqsədəuyğun olardı. İnsanların qanunvericiliyin yaratdığı imkanlardan istifadə etməsinə mane olan süni əngəllər olmamalıdır. Əgər qanun müəyyən hallarda vətəndaşa və ya tikinti aparan şəxsə müvafiq torpaq sahəsində bina inşa etmək və bununla bağlı müraciət etmək imkanı verirsə, yerli səviyyədə əlavə və əsassız baryerlərin yaradılması yolverilməzdir. Yəni 12-13 metr hündürlükdə tikinti aparan vətəndaşa maneə yaradılmamalıdır. Xüsusilə rayonlarda bu istiqamətdə mövcud problemlərin aradan qaldırılması və tikinti sektorunun inkişafına daha geniş imkanların yaradılması vacibdir”.
Zaira Akifqızı
Globalinfo.az