Sosial yardımlar

Azərbaycan Mərkəzi Bankının (AMB) sədri Taleh Kazımov Azərbaycan Dövlət Televiziyasına və APA-ya müsahibəsində  manatla bağlı diqqətçəkən açıqlama verib. O deyib ki, bəzən heç bir əsas olmadan insanlar arasında “kurs dəyişəcək” kimi fikirlər yayılır.

Sitat: “İnsanlar da başlayır narahat olmağa və hamı axırıncı manatını götürüb qaçır valyuta mübadilə məntəqələrinə dollar alır, bir həftədən sonra isə satır. Mən istəyirəm bunu çox sadə dildə izah edim. Bunun üçün hər hansı fundamental əsas yoxdur. Hansısa qərarı verməmişdən öncə təhlillər aparmalıyıq, yəni doğrudanmı bizdə problem var? Bizim əsas məqsədimiz, manatımızın qiymət sabitliyidir və makroiqtisadi sabitlikdir. Buna nail olmaq üçün bugünkü çərçivə, sabit məzənnə rejimi tam uyğundur. Bu siyasətimizi növbəti illərdə də davam etməyi planlaşdırırıq”.

İnsanların manata inamını necə artırmaq olar? Sadə vətəndaşlar manat və dollar arasında balansı necə qorusun ki, narahatlığa da əsas qalmasın?

Globalinfo.az-a danışan iqtisadçı Emin Qəribli deyib ki, bu məsələyə bir qədər fərqli prizmadan yanaşmaq lazımdır:

“Sədrin toxunduğu məqam odur ki, bəzən cəmiyyətdə müxtəlif şayiələr yayılır və bu da müəyyən insanlarda süni narahatlıq yaradır. Belə hallardan spekulyativ məqsədlərlə istifadə edənlər də olur. Düzdür, bu hallar geniş yayılmış deyil, amma tamamilə istisna da edilmir. İqtisadiyyatda “rasional gözləntilər” nəzəriyyəsi var. Buna əsasən, insanlar əvvəlki təcrübələrinə əsaslanaraq gələcəklə bağlı müəyyən gözləntilər formalaşdırırlar. Əgər insanlar əvvəllər qiymət artımı, inflyasiya və ya devalvasiya ilə üzləşiblərsə, təbii olaraq gələcəkdə də belə riskləri nəzərə alırlar. Bu, tamamilə normal psixoloji və iqtisadi davranışdır. Biz bazar iqtisadiyyatında yaşayırıq. Hətta planlı iqtisadiyyatlarda belə müəyyən iqtisadi proseslər qaçılmaz olur”.

Emin Qəribli

İqtisadçı bildirib ki, inflyasiya da, devalvasiya da iqtisadiyyatın müxtəlif mərhələlərində rast gəlinən hadisələrdir:

“Bunlar hər zaman arzuolunan olmasa da, iqtisadi həyatın bir hissəsidir, yəni devalvasiya və inflyasiya baş verə bilər. Əsas məsələ bunlara hazırlıqlı olmaq və düzgün qərarlar verməkdir. İnsanlar bu hadisələri yalnız panika ilə qarşılamamalıdırlar. Qiymət artımları müəyyən mənada insanları daha məhsuldar işləməyə, yeni biliklər qazanmağa və vəsaitlərini daha səmərəli idarə etməyə sövq edir. Çünki dünyada heç nə olduğu kimi qalmır. Bilik zamanla köhnəlir, texnologiyalar yenilənir, əşyalar istifadədən çıxır. Pulun da alıcılıq qabiliyyəti zaman keçdikcə dəyişə bilər. Buna görə də vəsaiti sadəcə saxlamaq deyil, onu düzgün investisiya etmək və ya səmərəli istiqamətlərə yönəltmək daha məqsədəuyğundur”.

Ekspert qeyd edib ki, dünyada inflyasiya olmayan cəmiyyət yoxdur:

“Məsələn, ABŞ-da da son onilliklər ərzində müxtəlif dövrlərdə yüksək inflyasiya və dolların alıcılıq qabiliyyətinin azalması müşahidə olunub. Bu baxımdan, belə hadisələr yalnız Azərbaycana məxsus deyil. Əlbəttə, bəzən heç bir iqtisadi əsası olmayan şayiələr yayılır və insanlar süni şəkildə təşvişə salınırlar. Bu cür spekulyativ məlumatlara ehtiyatla yanaşmaq lazımdır. Digər tərəfdən, dünyada geosiyasi və iqtisadi gərginlik artdıqda insanların narahatlıq keçirməsi də başadüşüləndir. Qlobal böhranlar hər kəsə təsir göstərir və insanlar öz maliyyə təhlükəsizliyi barədə düşünməyə başlayırlar. Lakin belə vəziyyətlərdə dollar almağın yeganə çıxış yolu olduğu qənaəti də doğru deyil. Çünki dolların özü də zaman keçdikcə alıcılıq qabiliyyətini itirir. İnsanlarda bəzən belə təsəvvür yaranır ki, pulu dollarda saxlamaq onları bütün risklərdən qoruyur. Halbuki bu, tam doğru yanaşma deyil.

Əgər illər əvvəl müəyyən məbləği sadəcə dollarda saxlamaq əvəzinə başqa aktivlərə, o cümlədən daşınmaz əmlaka yatıran insanlar olsaydı, bəzi hallarda daha yüksək gəlir əldə edə bilərdilər. Yəni yalnız dollar almaq hər zaman ən optimal seçim hesab edilə bilməz. Ona görə də düşünürəm ki, insanlar, birincisi, iqtisadi proseslərin təbii olduğunu qəbul etməli, ikincisi, dəyişən şəraitə uyğunlaşmağı bacarmalı, üçüncüsü isə əsassız şayiələrə deyil, etibarlı mənbələrə və peşəkar iqtisadi təhlillərə əsaslanaraq maliyyə qərarları verməlidirlər”.

Ləman İmran
Globalinfo.az

Paylaş: