Globalinfo.az İran-Azərbaycan gərginliyi fonunda Rusiya-Azərbaycan-Ermənistan arasında gedən proseslər mövzusunda ABŞ Milli Təhlükəsizlik Şurasının Avropa və Avrasiya məsələləri üzrə keçmiş direktoru, sabiq səfir Metyu Brayza ilə müsahibəni təqdim edir:
– Cənab Brayza, son günlər İranla Azərbaycan arasında növbəti gərginlik dalğası yarandı. İran Kəşfiyyat Nazirliyi Azərbaycanda bir neçə medianı, əsas da rəsmi dövlət kanalı olan AzTV-ni düşmən media resursu elan etdi. Rəsmi Bakı bunun qarşılığında İrana aid “Səhər” telekanalını və “Mehr” xəbər agentliyini Azərbaycanda qadağan etdi. Fevralın 5-də Naxçıvana edilən dron hücumundan sonra Tehranla Bakı arasında qısamüddətli gərginlik yaransa da bu, tezliklə aradan qaldırıldı. Amma indi yenidən İran münasibətləri gərginləşdirən bəyanat yaydı. Gərginliyin yaranma səbəbləri və arxasında duran faktorlar, sizcə, nədir?
– Aydındır ki, Azərbaycan ətrafında ciddi geosiyasi gərginlik var. Əlbəttə ki, əsas məsələ hazırda Azərbaycandan cənubda ABŞ və İsrailin İrana qarşı apardığı müharibədir. İranın Naxçıvana raket atması ilə bağlı yaranan gərginlikdən sonra, görünür, Azərbaycan-İran münasibətləri normallaşıb və Prezident Əliyev Azərbaycanın bu münaqişədən kənarda qalmasını istədiyini açıq şəkildə bildirib. Son gərginliyə nəyin səbəb olduğunu bilmirəm, amma biz bilirik ki, Azərbaycanın İsraillə yaxşı münasibətləri ilə bağlı İranın daim narahatlıqları var.
– Moskva-İrəvan-Bakı üçbucağında son yaşananlar hansı geosiyasi proseslərin təzahürüdür?
– Rusiya, Azərbaycan və Ermənistan münasibətlərinə gəldikdə, Ermənistanla Azərbaycan arasında sülh prosesi ümid edirik ki, irəliləyir, çünki Azərbaycan Ermənistanın onun ərazi bütövlüyünə hörmətlə bağlı qeyri-müəyyənliyi aradan qaldırmaq üçün konstitusiyasında dəyişiklik etməli olduğunu israr edir. Ötən il avqustun 8-də Prezident Donald Tramp Ağ Evdə Prezident İlham Əliyev və Baş nazir Nikol Paşinyanı qəbul etdikdən sonra Azərbaycan və Ermənistanın xarici işlər nazirləri sülh müqaviləsini parafladı və ölkələr ayrı-ayrılıqda ABŞ ilə strateji tərəfdaşlıq bəyannamələri və fəaliyyət planları imzaladı. Prezident Vladimir Putin Rusiyanın bu prosesdə müəyyən rol oynamasına çalışır.
– Rusiya niyə hər dəfə Ermənistanla problem yaşayanda Qarabağ məsələsini, olub-keçən bir tarixi yada salır? Azərbaycan Xarici İşlər Nazirliyi Mariya Zaxarovanın Qarabağla bağlı bəyanatına sərt cavab verdi. Elə həmin gün Rusiya lideri Vladimir Putinlə Azərbaycan Prezidenti İlham Əliyev arasında telefon danışığı oldu. Paşinyan da həmin ərəfədə Putinlə telefonla danışıb. Bu trafik nədən xəbər verir? Moskva-Bakı arasında gərginlik hansı səbəbdən yarandı?
– Siz qeyd etdiniz ki, Rusiya ilə Azərbaycan arasında gərginlik son zamanlar artıb. Xeyr, düşünürəm ki, bunun əksi baş verir. 2024-cü il dekabr ayında Rusiya hərbçilərinin Azərbaycan Hava Yollarına (AZAL) məxsus sərnişin təyyarəsini vurması münasibətlərdə indiyə kimi rast gəlinməyən gərginlik yaratdı. Prezident Putinin bu faciəli qəzaya görə ölkəsinin məsuliyyəti öz üzərinə götürməsindən, həlak olanların ailələrindən üzr istəməkdən və ya təzminat ödəməkdən imtina etməsi ilə bağlı kəskin fikir ayrılıqları yaranmışdı. Qarşılıqlı ittihamlar uzun müddət davam etdi. Amma zamanla bu gərginlik xeyli səngidi. Prezident İlham Əliyev və Rusiya lideri Vladimir Putinin münasibətlərin normallaşdırmaq üçün müəyyən addımlar atdı. İndi iki ölkə münasibətlərini normallaşdırmaq barədə razılığa gəliblər və Rusiya ilə Azərbaycan arasında gərginlik azalır.
Rusiya Xarici İşlər Nazirliyinin sözçüsü Mariya Zaxarovanın Azərbaycanın ərazi bütövlüyünü bərpa etmək üçün hərbi gücdən istifadə etdiyi zaman Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatının (KTMT) müdaxilə etmək öhdəliyi olmadığı barədə açıqlaması ilə tamamilə razıyam. Bu, Rusiya Xarici İşlər Nazirliyinin 2020-ci ildən bəri dəfələrlə səsləndirdiyi bir bəyanatdır. Bu baxımdan, əhəmiyyət daşıyır. Zaxarovanın dediyi kimi, hətta Ermənistan Qarabağın və ətraf yeddi ərazinin beynəlxalq hüquqi baxımdan Azərbaycanın bir hissəsi olduğunu tanıyıb. 2020-ci ilin payızında hərbi münaqişə baş verəndə və 2023-cü ilin sentyabrında Azərbaycan separatçı etnik erməni rejimini, eləcə də Ermənistan qoşunlarını Azərbaycan ərazisindən çıxaranda və ya qovduqda, Azərbaycan hüquqi baxımdan öz ərazisində hərbi əməliyyatlar aparırdı. Əlbəttə ki, KTMT-nin müdaxilə etmək öhdəliyi yox idi.
Gülnar Səlimova
Globalinfo.az
İstanbul