sotsseti

Avstriya hökuməti internetdə uşaqların müdafiəsini gücləndirməyə yönələn islahatlar paketini təsdiqləyib. Yeni qaydalara əsasən, 14 yaşdan kiçik uşaqların sosial şəbəkələrdən istifadəsi qadağan ediləcək. Böyüklər üçün nəzərdə tutulan saytlara giriş isə yalnız yaşın təsdiqlənməsindən sonra mümkün olacaq.

Globalinfo.az xəbər verir ki, bu barədə hakim koalisiyaya daxil olan Avstriya Xalq və Avstriya Sosial Demokrat Partiyaları “Der Spiegel” nəşrinə məlumat veriblər.

Qanun layihəsi artıq parlamentin müzakirəsinə təqdim olunub və gələn ildən qüvvəyə minməsi nəzərdə tutulur.
Sosial şəbəkələr üçün 2027-ci il aprelin 1-dək keçid dövrü müəyyən edilib. Bu müddət ərzində platformalar ya istifadəçilərdə asılılıq yaradan funksiyaları aradan qaldırmalı, ya da uşaqların həmin funksiyalara çıxışını məhdudlaşdırmalıdır. Tələblərə əməl etməyən şirkətlər illik dövriyyələrinin 6 faizinə qədər cərimələnə bilərlər.
Bundan əlavə, böyüklər üçün nəzərdə tutulan saytlara giriş yalnız istifadəçinin yaşını təsdiqlədikdən sonra mümkün olacaq. Yaşın yoxlanılması ID Austria sistemi və ya özəl xidmət təminatçısı vasitəsilə həyata keçiriləcək. Sayt sahiblərinə isə istifadəçinin digər şəxsi məlumatları deyil, yalnız onun 18 yaşına çatdığı barədə təsdiq təqdim olunacaq.

Əliyar Xəlil

Globalinfo.az

Paylaş: