“Ukrayna Prezidenti Volodimir Zelenski ABŞ Prezidenti Donald Trampla görüşü media nümayəndələrinin iştirakı olmadan keçirib”.
Globalinfo.az xəbər verir ki, bunu jurnalist Aleks Xristoforu deyib və bir detala işarə edib.
O hesab edir ki, jurnalistlər olmadan keçirilən görüşün səbəbi Ağ Evdəki Oval kabinetdə baş vermiş əvvəlki qalmaqalın təkrarlanacağı ilə bağlı narahatlıq olub.
“Əvvəlki dəfə onların Oval kabinetdə jurnalistlərin iştirakı ilə keçirilən görüşündə nə baş verdiyini hamımız bilirik. Həmin görüş planlaşdırıldığı kimi getmədi. Ona görə də bu dəfə görüş qapalı formatda təşkil olundu”, – deyə Xristoforu bildirib.
Jurnalistin sözlərinə görə, Zelenski amerikalı həmkarının tənqidlərini ağır qəbul edir və buna görə də görüşün kameralar qarşısında keçirilməməsi üçün əlindən gələni edib.
Xatırladaq ki, Tramp ötən gün Vaşinqtonda Zelenski ilə təxminən bir saat davam edən görüş keçirib. Görüş qapalı formatda baş tutub. Ağ ev danışıqları “müsbət və məhsuldar” adlandırsa da, hər iki lider mediaya açıqlama verməyib. Daha sonra Zelenski bildirib ki, görüşdə Patriot hava hücumundan müdafiə sistemləri üçün raketlərin istehsalı, eləcə də Ukraynaya kömək edə biləcək digər təşəbbüslər müzakirə olunub.
Əliyar Xəlil
Globalinfo.az