mirzoyan

“Azərbaycan, Ermənistan və Rusiya XİN rəhbərlərinin iştirakı ilə üçtərəfli görüşün keçirilməsi gözlənilirdi. Rusiya Avropa İttifaqının Ermənistan-Azərbaycan münaqişəsinə aktiv şəkildə müdaxilə etməsindən narahatdır. Buna görə də moderatorluğu itirmək istəmir”.

Bu sözləri Globalinfo.az-a politoloq Tural İsmayılov Ermənistanın xarici işlər naziri Ararat Mirzoyanın “Yaxın vaxtlarda Azərbaycan, Ermənistan və Rusiya XİN rəhbərlərinin üçtərəfli görüşü keçirilə bilər” sözlərini şərh edərkən deyib.

O bildirib ki, üç ölkənin xarici işlər nazirlərinin bir araya gəlməsi üçün ciddi diplomatik təmaslar qurulub:

“Misal üçün Azərbaycan xarici işlər naziri Ceyhun Bayramov Moskvaya səfər etdi və ardınca Ermənistan xarici işlər naziri Ararat Mirzoyan da Rusiyaya getdi. Bir müddət öncə Rusiya xarici işlər naziri Sergey Lavrovun Bakıya səfəri də bu diplomatik trafikin bir hissəsi idi.

Hesab edirəm, bütün bu səfərlər Rusiya-Ermənistan-Azərbaycan xarici işlər nazirlərinin Moskvada görüşünə hazırlıq mahiyyəti daşıyır. Rəsmi Moskva Qərbin Cənubi Qafqaza nüfuz etməsini istəmir.

Sərhədlərin delimitasiya və demarkasiyası ilə bağlı qərarlar qəbul edilsə də, detallarına dair məlumatlar paylaşılmayıb. Bundan başqa, Ermənistan və Azərbaycanın qarşılıqlı şəkildə ərazi bütövlüklərini tanımaları istiqamətində işlər görülür. Fikrimcə, bütün məsələlər XİN başçılarının görüşü zamanı müzakirə ediləcək”.

Turan Rzayev
Globalinfo.az

Paylaş: