Xəbər verdiyimiz kimi, Şuşada IV Qlobal Media Forumu işə başlayıb. “Sülhün təşviqində medianın missiyası: Həqiqətin bərpası və etimadın yenidən qurulması” mövzusuna həsr olunan tədbirdə media sahəsində aktual məsələlər və beynəlxalq əməkdaşlıq imkanları müzakirə edilir.
Forumun əsas mesajı və nəticələri nə olacaq? Bu forum beynəlxalq media əməkdaşlığına hansı töhfəni verə bilər?
Globalinfo.az-a danışan deputat Hikmət Babaoğlu deyib ki, bu forum dünyanın müxtəlif ölkələrindən media nümayəndələrinin xüsusi marağına səbəb olur və çoxsaylı qonaqları bir araya gətirir:
“Prezident İlham Əliyev də bu platformada ölkəmizin mövqeyini, regionda və dünyada baş verən hadisələrə münasibətini, eləcə də Azərbaycanın gələcək planlarını açıqlayır. Bu çıxışlar beynəlxalq mediada böyük maraqla qarşılanır. IV Şuşa Qlobal Media Forumu da bu baxımdan istisna olmadı. Azərbaycan Prezidentinə müxtəlif mövzularda maraqlı suallar ünvanlandı. Dövlət başçısının cavabları Azərbaycanın beynəlxalq münasibətlər sistemindəki vizyonunu, rolunu, mövqeyini və gələcək hədəflərini dünya ictimaiyyətinə təqdim etdi. Prezidentin çıxışından aydın oldu ki, bu gün Azərbaycanın əsas gündəliyi sülhdür. O, 2025-ci il avqustun 8-də Ermənistan və Azərbaycan arasında paraflanmış sənədə istinad etdi və bunun əhəmiyyətini bir daha vurğuladı. Əsas mesajlardan biri də bu oldu ki, həmin vaxtdan bəri Ermənistan-Azərbaycan sərhədində atəş açılmayıb. Bu, son 35 ildə görünməmiş bir haldır”.
Hikmət Babaoğlu
Deputat qeyd edib ki, forumda diqqət çəkən digər mövzulardan biri də regional münaqişələr və onların gələcəyi ilə bağlı suallar idi:
“Azərbaycan Prezidenti bu sualları cavablandırarkən yenə də sülhün vacibliyini ön plana çəkdi. O, İran-ABŞ münasibətlərində Pakistanın rolunu yüksək qiymətləndirdi və bu ölkənin sülhün bərqərar olmasına töhfə verəcəyinə ümid etdiyini bildirdi. Rusiya-Ukrayna müharibəsinin tezliklə başa çatmasının vacibliyini vurğuladı. Bütün bu fikirlərdə beynəlxalq hüquqa istinad edilir, onun ədalətli sülhün əsas təminatı olduğu qeyd olunurdu. Hesab edirəm ki, səsləndirilən sülh mesajları və regional inteqrasiyaya dair fikirlər Azərbaycanın mövqeyinin bir daha dünya ictimaiyyətinə çatdırılması baxımından mühüm əhəmiyyət daşıdı”.
“Azərbaycan Jurnalistlər Şəbəkəsi” İctimai Birliyinin sədri Ayaz Mirzəyev isə bildirib ki, bu tədbir artıq regionun və daha geniş coğrafiyanın ən nüfuzlu media platformalarından birinə çevrilib:
“Forum müxtəlif ölkələrdən media rəhbərlərini, jurnalistləri, ekspertləri və kommunikasiya sahəsində qərarvericiləri bir araya gətirməklə qlobal informasiya mühitində aktual çağırışların müzakirəsi üçün mühüm dialoq platforması rolunu oynayır. Hesab edirəm ki, forumun əsas mesajı media sahəsində beynəlxalq əməkdaşlığın gücləndirilməsi, dezinformasiyaya qarşı birgə mübarizə, süni intellekt dövründə peşəkar jurnalistikanın rolunun qorunması və etibarlı informasiya mühitinin formalaşdırılmasıdır. Eyni zamanda, bu platforma ölkələrin bir-birini daha yaxından tanımasına, qarşılıqlı etimadın möhkəmlənməsinə və media vasitəsilə sülhün, dialoqun və əməkdaşlığın təşviqinə xidmət edir”.
Ayaz Mirzəyev
A.Mirzəyevin sözlərinə görə, forumun ən mühüm nəticələrindən biri müxtəlif ölkələrin media qurumları arasında yeni tərəfdaşlıqların yaranması, peşəkar təcrübə mübadiləsinin genişlənməsi və gələcək birgə layihələr üçün etibarlı əməkdaşlıq mühitinin formalaşması olacaq:
“Şuşa artıq təkcə tarixi və mədəniyyət paytaxtı deyil, həm də qlobal media dialoqunun mühüm mərkəzlərindən biri kimi öz mövqeyini daha da möhkəmləndirir. Azərbaycanın belə yüksək səviyyəli beynəlxalq media platformasına ev sahibliyi etməsi ölkəmizin qlobal informasiya məkanında artan nüfuzunun, açıq dialoqa verdiyi önəmin və beynəlxalq əməkdaşlığa sadiqliyinin bariz göstəricisidir”.
Qeyd edək ki, 13-14 iyul tarixlərində keçirilən tədbirdə 53 ölkədən 160-a yaxın media nümayəndəsi, ekspert və rəsmi şəxs iştirak edir. Eyni zamanda, forumda 30-a yaxın beynəlxalq informasiya agentliyi və 60-dan çox aparıcı media qurumu təmsil olunur. Həmçinin, 10-a yaxın beynəlxalq təşkilat və şirkətin nümayəndələri də foruma qatılıb.
Ləman İmran
Globalinfo.az