13-14 iyul tarixlərində “Sülhün təşviqində medianın missiyası: Həqiqətin bərpası və etimadın yenidən qurulması” mövzusunda 4-cü Şuşa Qlobal Media Forumu keçiriləcək.
Artıq nüfuzlu beynəlxalq platformalardan birinə çevrilmiş Şuşa Qlobal Media Forumu bu il də xarici qonaqlarla, nüfuzlu mediaların təmsilçiləri keçirilir.
Dünyanın 54 ölkəsindən 160-a yaxın media nümayəndəsi, ekspert və rəsmi şəxsin iştirak edəcəyi forumda 30-a yaxın beynəlxalq informasiya agentliyi və 60-dan çox aparıcı media qurumu təmsil olunacaq. Həmçinin 10-a yaxın beynəlxalq təşkilat və şirkətin nümayəndələri də foruma qatılacaq.
Globalinfo.az-a danışan Bakı Dövlət Universitetinin jurnalistika fakültəsinin dekanı, siyasi şərhçi Vüqar Zifəroğlu deyib ki, artıq bir neçə ildir ki, Şuşada keçirilən Beynəlxalq Media Forumu təkcə Azərbaycanın deyil, regionun ən nüfuzlu media platformalarından birinə çevrilib:
“Hər il müxtəlif ölkələrdən jurnalistlərin, media rəhbərlərinin, ekspertlərin və beynəlxalq təşkilatların nümayəndələrinin bu tədbirə maraq göstərməsi forumun qlobal informasiya məkanında qazandığı nüfuzun və beynəlxalq əhəmiyyətinin bariz göstəricisidir.
Forumun əsas özəlliklərindən biri Azərbaycan Prezidenti İlham Əliyevin xarici media nümayəndələri ilə ənənəvi görüşü və açıq dialoqudur. Dünyanın müxtəlif ölkələrindən gəlmiş jurnalistlərin dövlət başçısına regionda baş verən geosiyasi proseslər, beynəlxalq təhlükəsizlik, enerji siyasəti, nəqliyyat dəhlizləri, media mühiti və digər aktual məsələlərlə bağlı suallar ünvanlaması, onların isə ətraflı və birbaşa cavablandırılması forumun şəffaf və açıq müzakirə platforması kimi nüfuzunu daha da artırır. Bu görüşlər beynəlxalq media nümayəndələri üçün hadisələri birbaşa mənbədən öyrənmək imkanı yaratmaqla yanaşı, Azərbaycanın mövqeyinin qlobal auditoriyaya çatdırılmasına da mühüm töhfə verir.

Şuşanın belə bir beynəlxalq tədbirə ev sahibliyi etməsi də xüsusi simvolik məna daşıyır. Forum iştirakçıları Azərbaycanın media mühiti, rəqəmsal transformasiya, dezinformasiyaya qarşı mübarizə, süni intellektin mediaya təsiri və beynəlxalq informasiya təhlükəsizliyi kimi aktual mövzuları müzakirə etməklə yanaşı, Qarabağda aparılan genişmiqyaslı bərpa və yenidənqurma işləri ilə də yerində tanış olurlar. Bu isə xarici jurnalistlərdə bölgə ilə bağlı daha dolğun və obyektiv təsəvvürün formalaşmasına xidmət edir.
Son illər foruma marağın davamlı şəkildə artması onun artıq ənənəvi beynəlxalq dialoq platformasına çevrildiyini göstərir. Dünyanın müxtəlif regionlarından nüfuzlu media qurumlarının, ekspertlərin və jurnalistlərin tədbirdə iştirakı burada müzakirə olunan məsələlərin qlobal media gündəmi üçün də xüsusi əhəmiyyət daşıdığını təsdiqləyir. Eyni zamanda, bu forum Azərbaycanın media diplomatiyasının gücləndirilməsi, beynəlxalq informasiya əməkdaşlığının inkişafı və ölkənin mövqeyinin dünya ictimaiyyətinə birbaşa çatdırılması baxımından strateji əhəmiyyət kəsb edir”.
Politoloq Züriyə Qarayeva isə deyib ki, Şuşa Qlobal Media Forumu artıq ənənəvi olaraq Azərbaycanın beynəlxalq media və kommunikasiya gündəmini formalaşdıran mühüm platformalardan birinə çevrilib:
“Forumun Şuşada keçirilməsi təkcə simvolik məna daşımır, eyni zamanda Azərbaycanın postmünaqişə dövründə qurduğu yeni reallıqları beynəlxalq ictimaiyyətə təqdim etmək baxımından da xüsusi əhəmiyyət kəsb edir.
Müxtəlif ölkələrdən media rəhbərlərinin, ekspertlərin və jurnalistlərin iştirakı informasiya təhlükəsizliyi, dezinformasiya ilə mübarizə, süni intellektin mediaya təsiri və qlobal kommunikasiya çağırışları ətrafında fikir mübadiləsi üçün geniş imkan yaradır.
Müasir dövrdə informasiya məkanı geosiyasi rəqabətin əsas istiqamətlərindən birinə çevrildiyi üçün belə platformaların rolu daha da artır. Şuşa Media Forumu həm peşəkar media əməkdaşlığının inkişafına, həm də regionla bağlı həqiqətlərin beynəlxalq auditoriyaya birbaşa çatdırılmasına xidmət edir. Eyni zamanda forum Azərbaycanın açıq dialoqa, beynəlxalq əməkdaşlığa və qlobal media gündəminin formalaşmasında fəal iştirakına verdiyi önəmi nümayiş etdirən mühüm beynəlxalq tədbir kimi qiymətləndirilə bilər”.
Turan Rzayev
Globalinfo.az