WhatsApp Image 2026 07 11 at 12.28.33

ABŞ və İranın imzaladığı atəşkəs mərhələsini və sonrakı sülh razılaşmasını əhatə edən Anlaşma Memorandumu pozuldu. ABŞ Mərkəzi Komandanlığı (CENTCOM) 7 iyulda İranın Hörmüz boğazındakı kommersiya gəmilərinə təkrar hücumlarına cavab olaraq hava zərbələrinə başladı. Nəticədə İrandakı 80-dən çox hədəfin vurduğu açıqlandı.

İran həmçinin ABŞ-ın bu hücumlarına Bəhreyn və Küveytdəki ABŞ hərbi obyektlərinə hücum etməklə cavab verib.

Globalinfo.az-a danışan analitik Aqşin Kərimov deyib ki, ABŞ Prezidenti Donald Tramp NATO-nun Ankarada keçirilən Zirvə sammiti ərəfəsində İrana hücum kampaniyasını bərpa etməklə iki mesaj vermiş oldu:

“Birincisi, bu hücum Rusiya-Ukrayna müharibəsində Rusiya Prezidenti Vladimir Putin üçün NATO sammiti öncəsi yaratmaq istədiyi informasiya və geosiyasi şərtlərə qarşı effektiv gediş idi (ayrıca, geniş mövzudur).

İkincisi, Tramp NATO sammiti zamanı Alyansın ABŞ-a dəstək olması üçün qərarlarına təsir etmək və İran məsələsində Avro-Atlantik mühitin yekdil mövqe nümayiş etdirməsinə çalışdı.

Lakin Ankara Bəyannaməsində İranla bağlı ehtiyatlı mövqe göstərildi və bu, ABŞ-ın hərbi kampaniyasına hərtərəfli dəstək mexanizmini əks etdirmir.

Donald Tramp Ukrayna müharibəsinə nisbətdə Rusiya qarşısında əlverişli, İranla gərginlikdəki çətin mövqelərdən ABŞ-ın oyunu dəyişdirən hücum həyata keçirməyə qərar verdi.

ABŞ-İran qarşıdurmasının budəfəki epizodları ehtimal ki, İranın Hörmüz boğazı üzərində Tehranın diktə etdiyi nəqliyyat zolaqları yaratmaq iddialarına son qoymayacaq.

Çünki İranın Hörmüz boğazını azad və açıq beynəlxalq tranzit marşrutu kimi fəaliyyət göstərdiyi əvvəlki status-kvoya qaytarmaq niyyəti yoxdur”.

aqsin kerimov 900x600 1
Aqşin Kərimov

Ekspert deyib ki, Hörmüz boğazına nəzarət İrana ABŞ qarşısında çəkindiricilik və alternativ gəlir mənbəyi təqdim edir:

İran rüsumlar tətbiq etməklə il ərzində 40 milyard dollar gəlir əldə edəcəyinə inanır ki, bu, ölkənin son illərdəki illik neft ixracı gəlirləri ilə ekvivalentdir.

İkinci tərəfdən isə İran dünyada enerji qiymətlərinə təsir göstərən qüvvə olduğunu isbatlamağa çalışır. Bu, dünya hegemonyasında ABŞ mərkəzli iqtisadi qərarlar, sanksiyalaşdırmaq siyasətinə qarşı Tehranın qurmaq istədiyi mexanizmdir.

Ancaq zaman keçdikcə, ABŞ-ın İranla bağlı sərtləşdirilmiş, paralel olaraq əməkdaşlığın dərinləşdirilməsi strategiyasının hibridləşməsini görmək mümkün ola bilər. Bu, Anlaşma Memorandumunda ABŞ-ın İran iqtisadiyyatı üçün 300 milyard dollarlıq sərmayə portfelində gizlidir. ABŞ budəfəki hücumlarla həmin portfelin həyata keçirilməsinə ən əlverişli bucaqdan yanaşmaq iddiasını ortaya qoya bilər. Bu, müharibənin və ya hərbi qarşıdurmalarının ya fasiləli olacağını müəyyənləşdirir, ya da ümumiyyətlə Yaxın Şərqə Vaşinqton-Tehran sövdələşmələri üçün həlledici şərtləri təyin edir.

Yəni ABŞ ilə İran arasında hərbi eskalasiyanın dərinləşəcəyi ehtimalı zəif görünür, bunun əvəzində isə tərəflər gələcək əməkdaşlıqda dominant mövqedə olmaq üçün meyar təyin etməyə cəhd göstərirlər. İranda bu təşəbbüs SEPAH-ın əlindədir”.

Turan Rzayev
Globalinfo.az

Paylaş: